AZ

Neftçalalı şəhid Mehman Əliyevin xatirəsi anılıb: 18 yaşında dastan yazan qəhrəman

Neftçala, 29 dekabr, AZƏRTAC

Cəmi 18 il yaşadı... Amma bu qısa ömür payına bütöv bir xalqın qürurunu, bir elin ehtiramını sığdırdı. Neftçalanın Xolqarabucaq kəndinin igid övladı Mehman Əliyev 2020-ci ilin payızında başlayan haqq savaşımıza qoşulanda hələ çox gənc idi. Lakin ürəyindəki Vətən sevgisi onu döyüş meydanında polada, düşmən qarşısında keçilməz səddə çevirdi.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsinin ən gənc və cəsur döyüşçülərindən biri, şəhid Mehman Əliyevin doğum günü ərəfəsində xatirəsi anılıb. Neftçala rayonunun Xolqarabucaq kəndində təşkil olunan mərasimdə rayon rəsmiləri, şəhidin ailə üzvləri və kənd ictimaiyyəti iştirak edərək, qəhrəman əsgərin keçdiyi şərəfli döyüş yolundan söz açıblar.

Mehman Xudaşükür oğlu Əliyev 2002-ci il yanvarın 1-də dünyaya göz açıb. Cəmi 18 il ömür sürməsinə baxmayaraq, o, hərbi xidmətə yollandığı ilk aylardan Vətən müharibəsinə qoşulub. Xolqarabucaq kənd tam orta məktəbinin məzunu olan Mehman 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində düşmənin canlı qüvvə və texnikasının məhv edilməsində böyük şücaət göstərib. Oktyabrın 29-da Xocavənd istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhidin atası Xudaşükür Əliyev oğlu ilə qürur duyduğunu bildirib: “Vətən sağ olsun. Bu gün fəxr edirəm ki, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən belə bir igid böyütmüşəm. Dövlətimizin gücü, ordumuzun əzmi sayəsində bu gün ərazi bütövlüyümüz bərpa olunub”.

Qeyd edək ki, Mehman Əliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

 

 

Seçilən
26
11
azertag.az

10Mənbələr