Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətlərin, aparılan ardıcıl dövlət siyasətinin və gələcək strateji hədəflərin aydın ifadəsidir.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
S.Mikayılova qeyd edib ki, bu çıxışda idman təkcə yarış və medal anlayışı kimi deyil, həm də ölkənin sosial, iqtisadi, mədəni və mənəvi inkişafının mühüm tərkib hissəsi kimi təqdim olunur. Prezident İlham Əliyev qeyd edib ki, 2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq arenada 2000-dən çox medal, o cümlədən təxminən 600 qızıl medal qazanıb.
"Bu göstəricilər müstəqillik tarixində rekord nəticə olmaqla yanaşı, ölkədə idmanın sistemli şəkildə inkişaf etdiyini sübut edir. Medalların sayının ildən-ilə artması təsadüfi deyil, bu, dövlətin idmana göstərdiyi diqqətin, yaradılan şəraitin və uzunmüddətli strategiyanın məntiqi nəticəsidir. Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir. Son illər ərzində idman infrastrukturu faktiki olaraq sıfırdan qurulmuş, bu gün isə beynəlxalq standartlara cavab verən səviyyəyə çatdırılıb. Xüsusilə bölgələrdə Olimpiya İdman Komplekslərinin tikilməsi mühüm əhəmiyyət daşıyır. Gəncə və Yevlaxda yeni komplekslərin istifadəyə verilməsi ilə bu obyektlərin sayı 46-ya çatıb. Bu isə regionlarda yaşayan gənclərin idmana cəlb olunması, sağlam həyat tərzinin təşviqi baxımından mühüm addımdı", - deyə deputat əlavə edib.
S.Mikayılova vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında xüsusi yer verilən məsələlərdən biri sağlam gənc nəslin formalaşdırılmasıdır:
"Ölkənin gələcək inkişafı birbaşa sağlam, fiziki və mənəvi cəhətdən güclü gənclərin yetişdirilməsindən asılıdır. Uşaqlıqdan idmana marağın formalaşdırılması gələcək idman uğurlarının əsasını qoyur. Bu yanaşma idmanı təkcə peşəkar sahə kimi deyil, ümummilli sağlamlıq strategiyasının bir hissəsi kimi təqdim edir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirir. İdman bu baxımdan mühüm rol oynayır, çünki idmançılar beynəlxalq arenada ölkəni təmsil edərək Azərbaycan Bayrağını yüksəldirlər. Xüsusilə son 5 ildə əldə olunan tarixi Qələbə idmançıların məsuliyyətini və qürur hissini daha da artıb".
Deputat qeyd edib ki, 2025-ci ildə ölkəmizdə keçirilmiş MDB ölkələrinin III Oyunları Azərbaycanın böyük idman potensialını nümayiş etdirib:
"Yarışların bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə keçirilməsi regionların inkişaf səviyyəsini və infrastruktur imkanlarını göstərmişdir. Bundan əlavə, ilk dəfə Bakıda keçirilən UFC beynəlxalq turniri və ənənəvi Formula 1 yarışları Azərbaycanın dünya miqyasında idman mərkəzi kimi mövqeyini gücləndirmişdir. Formula 1 yarışlarının ölkəyə turist axınını əhəmiyyətli dərəcədə artırması idmanın iqtisadi və turizm baxımından da strateji rolunu təsdiqləyir".
S.Mikayılova əlavə edib ki, Prezident İlham Əliyev çıxışında Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək Xizək üzrə Dünya Kubokuna xüsusi diqqət yetirildiyini bildirib.
"Bu, Azərbaycanın qış idman növləri sahəsində də beynəlxalq arenaya çıxmasının göstəricisidir. Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı minlərlə iş yerinin yaradılmasına, regionun sosial-iqtisadi canlanmasına səbəb olmuşdur. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni infrastruktur gələcəkdə idman yarışlarının keçirilməsi üçün geniş imkanlar açır. Bakı şəhərinin "Dünyanın İdman Paytaxtı" seçilməsi ölkəmizdə idmana verilən beynəlxalq qiymətin bariz nümunəsidir. Bu titul Azərbaycanın son illər ərzində idman sahəsində qazandığı uğurların məntiqi nəticəsidir".
S.Mikayılova qeyd edib ki, ümumilikdə, Prezident İlham Əliyevin bu çıxışı Azərbaycanın idman siyasətinin uğurlu, ardıcıl və çoxşaxəli olduğunu göstərir.
"İdman ölkənin beynəlxalq nüfuzunun artmasına, gənclərin sağlam və vətənpərvər ruhda tərbiyəsinə, regionların inkişafına və milli birliyin möhkəmlənməsinə xidmət edir. Bu çıxış bir daha sübut edir ki, idman Azərbaycanda yalnız yarış meydanı deyil, həm də güclü dövlət quruculuğunun mühüm dayaqlarından biridir", - deyə S.Mikayılova fikrini tamamlayıb.