AZ

İtaliyada “Domino” ƏMƏLİYYATI – HƏMAS-a gedən milyonlar ƏLƏ KEÇİRİLDİ

İtaliyada HƏMAS-a gedən milyonlar ələ keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Məlumata görə, İtaliya polisi və maliyyə orqanları “Domino” əməliyyatı çərçivəsində doqquz şübhəlini saxlayıb və ya axtarışa verib. Onların arasında İtaliyadakı Fələstinlilər Assosiasiyasının prezidenti də var.

Müstəntiqlərin məlumatına görə, o, ölkədə HƏMAS-ın özəyinə rəhbərlik edib və guya humanitar məqsədlər güdən, əslində isə terrora xidmət edən sistem qurub.

Digər saxlanılan şəxslər də HƏMAS üçün milyonlarla avro toplamaqda şübhəli bilinirlər.

“Ansa” agentliyinin məlumatına görə, Genuya müstəntiqləri 8 milyon avroluq aktivləri müsadirə ediblər.

İstintaqın başlanmasına səbəb 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu olub. Həmin hücum nəticəsində 1200-dən çox insan həlak olmuşdu. Bundan sonra İtaliyanın antiterror qurumu Qəzza zolağı ilə bağlı şübhəli maliyyə əməliyyatlarını təhlil edərək şübhəlilərin izinə düşüb.

Müstəntiqlər bildirir ki, vəsaitlərin bir hissəsi intiharçı terrorçuların ailə üzvləri və ya terrorçuluğa görə məhkum olunmuş məhbuslar üçün nəzərdə tutulubmuş.

İtaliyanın daxili işlər naziri Matteo Pyantedozi “X” sosial şəbəkəsində yazıb ki, əməliyyat “Fələstin əhalisinin xeyrinə təşəbbüslər adı altında gizlədilən, lakin əslində terror təşkilatlarına dəstəyi və iştirakı ört-basdır edən fəaliyyəti ifşa edib”.

Polisin qənaətinə görə, vəsaitlər HƏMAS-ın birbaşa nəzarətində olan birliklərə yönəldilib. Doqquz təqsirləndirilən şəxsdən ikisi xaricdədir və onların barəsində beynəlxalq həbs qərarı çıxarılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
3
13
interpress.az

9Mənbələr