AZ

Gürcüstanın sabiq baş prokuroru sahibkarın qətlində ittiham olunur: Ömürlük həbs cəzası ala bilər

Gürcüstanın keçmiş baş prokuroru Otar Romanov-Partsxaladze iş adamı Levan Canqveladzenin qətlinin təşkilində ittiham olunur. Levan Canqveladze "qanuni oğru" Merab Suxumskinin qardaşıdır.

Moderator.az-ın "Sputnik Gürcüstan"a istinadən xəbərinə görə, bu barədə ölkənin daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə məlumat verib.

Nazirliyin məlumatına görə, Levan Canqveladzenin qətlinin üstü tam açılıb. İstintaq işin bütün hallarını və əsas təşkilatçını müəyyən edib. Partsxaladzeni ona elan edilən ittihamlar üzrə 16 ildən 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası gözləyir.

"Levan Canqveladzenin qətlini sifarişlə və öz maraqları naminə törədən mütəşəkkil dəstəyə kimin rəhbərlik etdiyi müəyyən edilib, buna görə də biz qətlin üstünün açıldığını elan edə bilərik. Əldə edilən sübutlara əsasən Baş Prokurorluq Otar Romanov-Partsxaladzenin cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarıb", - deyə Daraxvelidze bildirib.

Onun sözlərinə görə, Partsxaladze tezliklə beynəlxalq axtarışa veriləcək.

İstintaq müəyyən edib ki, keçmiş baş prokurorun tapşırığı ilə David və Qeorqi Mikadze qardaşları öz dostları və etibarlı adamları olan Qeorqi Coxadze ilə əlaqə saxlayıblar və ona qətlin törədilməsi planını həvalə ediblər. Cinayətkar planını həyata keçirmək üçün Coxadze iş adamının öldürülməsinin həvalə olunduğu Qela Udzilaurinini axtarıb tapıb. Oktyabrın 24-də Tbilisi Şəhər Məhkəməsi Udzilaurini ömürlük həbs cəzasına məhkum edib.

İstintaq çərçivəsində həmçinin Qeorqi Mikadze, Mamuka Baqdavadze, Qeorqi Kaçkaçaşvili saxlanılıb, David Mikadze və Qeorqi Coxadze axtarışa verilib. Onların keçmiş dostu Sandro Tsivtsivadze isə ona görə saxlanılıb ki, Levan Canqveladzenin qətlində istifadə edilən silah daha əvvəl onun adına qeydiyyatdan keçirilib.

Prokurorluq nümayəndələri ilk dəfə olaraq keçmiş baş prokuror Otar Partsxaladzeni 2025-ci ilin sentyabr ayında Canqveladzenin qətlinin təşkilatçılarından biri kimi göstəriblər.

Canqveladze 14 mart 2025-ci ildə Tbilisidəki Çavçavadze prospektində güllələnib. O, aldığı çoxsaylı yaralardan hadisə yerində ölüb, sürücüsü isə yaralı halda xəstəxanaya aparılıb. Prokurorluq bu iş üzrə ikisinə qiyabi olmaqla, beş nəfərə sifarişlə qəsdən adamöldürmənin təşkili, qəsdən adam öldürməyə cəhd, qruplaşmanın tərkibində qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və satma, cinayəti gizlətmə və müstəntiqlərə bilərəkdən yalan məlumat vermə maddələri üzrə ittiham irəli sürüb.

 

(Oxu.az)

Seçilən
30
12
moderator.az

9Mənbələr