Sia Az saytına istinadən ain.az xəbər verir.
"Yeni ildən hər şeyin dəyişəcəyinə dair düşüncə insanlar üçün həm motivasiya, həm də bəzən illuziya rolunu oynaya bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bəziləri üçün bu, psixoloji dəstəkdir-gələcəyə ümidlə baxmağa, çətinlikləri daha asan qəbul etməyə və həyatın gətirdiyi maneələrlə daha dözümlü üzləşməyə kömək edir: "Digərləri üçünsə bu düşüncə reallıqdan uzaq, passiv gözlənti yaradan bir təsəllidir. İnsanlar yeni ili bir dönüş nöqtəsi kimi qəbul etdikdə, bəzən yalnız gözləyərək dəyişiklik baş verəcəyini düşünə bilirlər; bu isə hərəkətsizlik və tənbəlliyə səbəb ola bilər. Bu fərqlilik isə daha çox insanın şəxsi psixologiyası, həyat təcrübəsi, keçmiş travmaları və gündəlik həyat tərzi ilə bağlıdır.
Uşaqlıqdan bizə “hər şey yaxşı olacaq”, “səbirli ol” və “vəziyyət dəyişəcək” kimi ifadələr öyrədilib. Bu ifadələr insanlarda yeni illə bağlı ümidli gözləntilər formalaşdırıb və zamanla bir rituala çevrilib. İnsanlar yeni ili bir “temiz səhifə” olaraq görür, keçmişi arxada qoyub gələcəyə dair planlar qurur. Psixoloq kimi biz bu düşüncəni bir növ daxili motivasiya kimi qiymətləndiririk; o, insanın məqsədlərinə doğru irəliləməsi üçün stimul yaradır. Lakin eyni zamanda, bu ümidli gözlənti insanı fəaliyyətsizliyə sürükləyə və dəyişiklik üçün konkret addımlar atmamağa da səbəb ola bilər.
Əgər insan yeni il gələnə qədər heç nə etmirsə və yalnız gələcəyi gözləyirsə, bu, tənbəllik və passivlik yarada bilər. Amma əksinə, biri çalışır, addımlar atır və yeni ili yalnız bir mərhələ, dönüş nöqtəsi kimi görürsə, bu yanaşma sağlam və motivasiyaedici olur. Belə insanlar üçün yeni il sadəcə bir tarix deyil, məqsədlərinə çatmaq üçün bir başlanğıc və stimul mənbəyidir. Onlar keçmiş təcrübələrindən dərs çıxarır, gələcəyə planlarla və real addımlarla hazırlaşırlar.
Nəticədə, bu düşüncə tərzi insanın yaşından, həyat tərzindən, xarakterindən və həyat fəlsəfəsindən asılı olaraq dəyişir. Hər kəs bu frazanı özünəməxsus şəkildə qavrayır və ona fərqli mənalar yükləyir. Bəziləri üçün yeni ilin gətirdiyi ümid bir daxili motivasiya və enerji mənbəyidirsə, digərləri üçün yalnız təsəlli və illuziya ola bilər. Əsas olan odur ki, bu ümid insanın həyatında fəaliyyət və dəyişiklik yaratmaq üçün istifadə edilsin, sadəcə gözləmə vasitəsi olaraq qalmadan. Yeni ilin gətirdiyi perspektiv və başlanğıc imkanı, düzgün yönləndirildikdə, insanın özünü dərk etməsi və inkişafı üçün əvəzsiz bir imkan ola bilər".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.