ain.az, Sia Az saytına istinadən bildirir.
"Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı Azərbaycan dövlətinin idmana yanaşmasının mahiyyətini açıq şəkildə ortaya qoyur. Bu çıxışdan aydın görünür ki, idman artıq yalnız fiziki sağlamlıq və ya yarış nəticələri ilə ölçülən sahə deyil, daha geniş strateji çərçivədə dövlət siyasətinin mühüm alətlərindən birinə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti idmanı milli inkişaf modeli, gənclərin tərbiyəsi, beynəlxalq imic və postmünaqişə dövründə cəmiyyətin ideoloji konsolidasiyası ilə birbaşa əlaqələndirir: "Çıxışda tez tez vurğulanan rekord göstəricilər və geniş idman infrastrukturu dövlətin planlı və davamlı siyasətinin nəticəsi kimi təqdim olunur. Bu, təsadüfi uğurların deyil, sistemli yanaşmanın məhsulu olduğunu göstərir. Regionlarda Olimpiya İdman Komplekslərinin yaradılması idmanın mərkəzləşmədən çıxarılaraq sosial bərabərliyin və regional inkişafın alətinə çevrildiyini nümayiş etdirir. Bu yanaşma gənclərin sosial inteqrasiyasını gücləndirir və dövlətlə cəmiyyət arasında etimad bağlarını möhkəmləndirir. Politoloji baxımdan diqqətçəkən əsas məqam idmanın vətənpərvərlik və milli kimlik formalaşdırılması ilə paralel aparılmasıdır. Prezidentin gənclərin fiziki hazırlığı ilə mənəvi saflığının vəhdət təşkil etməli olduğu fikri klassik təhlükəsizlik anlayışının sosial və mədəni müstəviyə keçirildiyini göstərir. Burada idman milli gücün yumşaq komponenti kimi çıxış edir və gənclər üçün dövlət ideologiyasının ötürülməsində effektiv vasitəyə çevrilir. Beynəlxalq yarışların Azərbaycanda keçirilməsi isə ölkənin yumşaq güc strategiyasının əsas dayaqlarından biridir. MDB Oyunlarının regionlarda təşkili, UFC turnirinin Bakıda keçirilməsi və Formula Bir yarışlarının davamlılığı Azərbaycanın özünü təhlükəsiz, açıq və müasir dövlət kimi təqdim etməsinə xidmət edir. Xüsusilə Xankəndidə yarışların keçirilməsi postmünaqişə dövründə suverenliyin praktik və simvolik təsdiqi kimi oxunmalıdır. Bu cür tədbirlər siyasi mesajları açıq bəyanatlardan daha təsirli şəkildə beynəlxalq auditoriyaya ötürür. Qış idman növləri üzrə Dünya Kubokunun Qusarda keçirilməsi isə strateji baxımdan yeni mərhələnin başlanğıcıdır. Bu addım Azərbaycanın idman diplomatiyasını mövsümi və coğrafi baxımdan şaxələndirdiyini göstərir. Turizm, məşğulluq və regional iqtisadi canlanma ilə idman arasında qurulan əlaqə dövlətin kompleks inkişaf modelini əks etdirir.
Prezidentin çıxışı göstərir ki, idman Azərbaycanda artıq ayrıca sahə deyil, siyasi legitimlik, milli birlik və beynəlxalq mövqe quruculuğunun ayrılmaz hissəsidir. Bu strategiya uzunmüddətli perspektivdə Azərbaycanın regional liderlik iddiasını gücləndirir və ölkəni yalnız enerji və təhlükəsizlik deyil, eyni zamanda humanitar və idman mərkəzi kimi möhkəmləndirir".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.