AZ

TAİB uşaq evinin sakinlərini sevindirdi - FOTOLAR

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi (TAİB) və Türk Sənət Akademiyasının təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl ərəfəsində Nizami rayonundakı 1 saylı uşaq evi sosial xidmət müəssisəsi ziyarət edilib və orada “Tarix yazan uşaqlar” adlı kitabın təqdimatı keçirilib. Missiya.Az xəbər verir ki, ziyarətdə TAİB-in İdarə Heyətinin üzvləri, Gənclər Təşkilatının nümayəndələri iştirak ediblər. TAİB-in sədr müavini Eyvaz Hünbətov uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək onlara xoşbəxt həyat arzulayıb. Bildirib ki, cəmiyyətin və dövlətin gələcəyi olan uşaqların qayğısız böyüməsi, düzgün təlim-tərbiyə olunaraq, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmaları olduqca vacibdir. Bu gün uşaq və yeniyetmələrə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın daim nəzarətindədir. Türk Sənət Akademiyasının direktoru Süreyya Ufuk “Tarix yazan uşaqlar” layihəsi ilə bağlı məlumat verərək bildirib ki, bu işlər gələcəkdə də davam edəcək və növbəti mərhələlərdə Azərbaycanın dahi şəxsiyyətlərinə həsr olunacaq. Uşaq Evinin direktoru Nərminə Zöhrabova əlavə edib ki, uşaqların əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi üçün hər cür şərait yaradılıb. Sosial layihələri, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün daima tədbirlər təşkil edir, onların bayram ab-havasını hiss etmələri məqsədilə müxtəlif layihələr həyata keçirir. TAİB-in İdarə Heyətinin üzvləri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğısından danışıblar. Həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla mütəmadi şəkildə görüşdüyünü, onların təlim-tərbiyəsi ilə maraqlandığını, uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün təşkil edilən müxtəlif tədbirlər və proqramlarda onlarla birgə olduğu qeyd ediblər. Sonda Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi tərəfindən uşaqlara bayram hədiyyələri paylanılıb və müxtəlif müsabiqələrdə fəallıq göstərən azyaşlılara sertifikatlar təqdim olunub. Bayram şənliyində Uşaq Evinin sakinləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Onların ifasında müxtəlif rəqs nömrələri və musiqi parçaları təqdim olunub.İlahə QənbərliMissiya.Az

Seçilən
65
missiya.az

1Mənbələr