AZ

Azərbaycan sülh prosesindən strateji dividentlər qazanır - AÇIQLAMA

2025-ci ildə Vaşinqtonda başlanmış sülh prosesi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda yeni əməkdaşlıq mühitinin formalaşması baxımından mühüm mərhələ kimi qiymətləndirilir. Bu prosesin Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi əsas strateji layihələrə təsiri də diqqət mərkəzindədir.

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Vaşinqton platforması təkcə siyasi razılaşma deyil, eyni zamanda Azərbaycanın uzunmüddətli inkişaf gündəliyinin reallaşması üçün real imkanlar yaradır.

“2025-ci ildə Vaşinqtonda başlanmış sülh prosesi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından yeni mərhələ yaradır və regional əməkdaşlıq üçün əsas diplomatik platformaya çevrilir. Bu proses təkcə siyasi razılaşma deyil, həm də Azərbaycanın postmünaqişə dövründə irəli sürdüyü strateji gündəliyin – “Böyük Qayıdış”, nəqliyyat dəhlizləri və enerji kommunikasiyalarının reallaşması baxımından mühüm imkanlar açır”.

Onun sözlərinə görə, sülh təşəbbüsləri ilk növbədə “Böyük Qayıdış” proqramının davamlılığı üçün təhlükəsizlik zəminini möhkəmləndirir:

“Azad edilmiş ərazilərə qayıdış yalnız infrastrukturun qurulması ilə məhdudlaşmır, burada əsas faktor uzunmüddətli sabitlik və risklərin azalmasıdır. Regional gərginliyin aşağı düşməsi investisiya mühitini yaxşılaşdırır, özəl sektorun və beynəlxalq tərəfdaşların prosesə cəlb olunmasını asanlaşdırır”.

Kazım Kazımov regional nəqliyyat dəhlizləri baxımından da Vaşinqton prosesinin əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, Azərbaycanın tranzit ölkə kimi rolu daha da güclənir:

“Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya xətlərinin açılması ölkəni regionun logistika mərkəzinə çevirə, Türkiyə və Mərkəzi Asiya istiqamətində nəqliyyat bağlantılarını daha dayanıqlı edə bilər. Bu, iqtisadi üstünlüklərlə yanaşı, Azərbaycanın regional siyasi çəkisini də artırır. Eyni zamanda, dəhlizlərin statusu, təhlükəsizlik rejimi və suverenlik məsələləri ətrafında yaranan fikir ayrılıqları prosesin ləngiməsi riskini saxlayır”.

Kazım Kazımov: Sülh gündəliyi Azərbaycanın tranzit ölkə kimi rolunu daha da gücləndirir

Politoloq enerji layihələri kontekstində də sülh gündəliyinin strateji əhəmiyyət daşıdığını vurğulayıb:

“Sabit regional mühit enerji və kommunikasiya infrastrukturlarının təhlükəsizliyini artırır, uzunmüddətli layihələr üçün əlverişli şərait yaradır. Bununla yanaşı, geosiyasi rəqabətin kəskinləşməsi və üçüncü tərəflərin prosesə təsir cəhdləri enerji təhlükəsizliyi baxımından əlavə risklər yarada bilər”.

Kazım Kazımovun fikrincə, ümumilikdə Vaşinqtonda başlanmış sülh prosesi Azərbaycan üçün mühüm strateji üstünlüklər formalaşdırır:

“Bu proses Azərbaycan üçün təhlükəsizlik, tranzit və diplomatik üstünlüklər yaradır. Risklər isə hər zaman olub. Lakin Azərbaycanın artıq bu riskləri dəf etmək üçün kifayət qədər siyasi, hərbi və diplomatik gücü mövcuddur”.

Zeynəb Rzayeva

Seçilən
22
50
bakivaxti.az

10Mənbələr