Uruqvaylı hücumçu Edinson Kavani peşəkar karyerasını başa vurub.
Msport.az xəbər verir ki, 38 yaşlı futbolçu qərarını sosial şəbəkələrində elan edib:
“Məni formalaşdırdın, məndən çox şey istədin, yıxıldığım zaman yenidən ayağa qalxmağı və hər addımı dəyərli etməyi öyrətdin. Uşaqlıqda qeyri-mümkün görünən xəyallarıma çatmağıma və meydanda və meydandan kənarda inanılmaz insanlarla tanış olmağıma imkan verdin.
Bunların heç biri ailəm, dostlarım, komanda yoldaşlarım, məşqçilərim və ən əsası insanlarım olmadan mümkün olmazdı. Hər ölkədə və hər klubda azarkeşlərin göstərdiyi sevgi həyatımın qalan hissəsində özümlə aparacağım bir şeydir. Hər məşqdə və hər matçda əlimdən gələni etdiyimi bilərək təmiz bir vicdanla ayrılıram. Səhvlərlə, uğurlarla, amma həmişə mənə çox şey verən bu peşəyə hörmətlə…”.
Qeyd edək ki, son klubu “Boka-Xuniors” olan Kavani Avropada “Palermo”, “Napoli”, PSJ, “Mançester Yunayted” və “Valensiya”da da oynayıb. 2008-2022-ci illərdə Uruqvay millisində çıxış edən forvard 136 oyuna 58 qol vurub.