Ermənistan rəsmilərinin son günlər ard-arda verdikləri açıqlamalar rəsmi İrəvanın xarici siyasət və iqtisadi strategiyasında nəzərəçarpacaq dəyişikliklərin baş verdiyini göstərir. Ermənistanın XİN başçısı Ararat Mirzoyan və iqtisadiyyat naziri Gevorq Papoyanın açıqlamaları da məhz bu dəyişikliyi bir daha ortaya çıxarır. Bu açıqlamalar və fikirlər Ermənistanın uzun illər davam edən siyasi-psixoloji müqavimətdən tədricən uzaqlaşaraq regionun real siyasi və iqtisadi şərtlərinə uyğunlaşmağa başladığını göstərir.
Bu bəyanatlar ayrı-ayrı, təsadüfi cümlələr kimi yox, bir-birini tamamlayan və eyni strateji xəttə xidmət edən mesajlar kimi qəbul edilməlidir. Ermənistan rəhbərliyi artıq açıq şəkildə anlayır ki, Cənubi Qafqazda mövcud olan kommunikasiya və iqtisadi proseslərdən kənarda qalmaq ölkənin inkişaf imkanlarını minimuma endirir və bu vəziyyət nə sosial, nə iqtisadi, nə də siyasi baxımdan davamlıdır.
Mirzoyanın ABŞ tərəfi ilə "çox intensiv" işlədiklərini və 2026-cı ilin ikinci yarısında TRIPP layihəsi (Zəngəzur dəhlizi) üzrə tikintinin başlayacağını deməsi Ermənistanın kommunikasiya və infrastruktur məsələlərində artıq vaxt itirmək istəmədiyini açıq şəkildə göstərir. Burada söhbət yalnız yol, dəmir yolu və ya texniki obyektlərin inşasından getmir. Ermənistan bu layihələr vasitəsilə özünü regional iqtisadi sistemin bir hissəsinə çevirməyə çalışır. Məsələn, bu gün Azərbaycan üzərindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri milyardlarla dollar dəyərində yük dövriyyəsi yaradır. Ermənistan isə bu marşrutlardan kənarda qalaraq həm tranzit gəlirlərindən, həm də əlaqəli biznes imkanlarından məhrum olub.
"Yaxın həftələrdə ilk sənədin olacağı" fikri prosesin artıq sadəcə siyasi bəyanat səviyyəsindən çıxaraq hüquqi və institusional mərhələyə keçdiyini göstərir. Beynəlxalq tərəfdaşların Ermənistana səfərlərinin artacağı ilə bağlı gözlənti də İrəvanın bu prosesi beynəlxalq zəmanətlərlə möhkəmləndirmək istəyindən xəbər verir.
Mirzoyanın Azərbaycan benzininin Ermənistan vətəndaşları üçün daha sərfəli olması və hətta növbələrin yaranması barədə dedikləri isə ideoloji baryerlərin real iqtisadi maraqlar qarşısında necə arxa plana keçdiyini göstərən konkret və canlı nümunədir. Uzun illər Azərbaycan məhsullarına qarşı yaradılmış süni mənfi rəyin gündəlik həyat reallığı qarşısında necə dağıldığını burada aydın görmək mümkündür. Qiymət fərqi, keyfiyyət və logistika üstünlükləri Ermənistan vətəndaşlarını seçim etməyə məcbur edir. Bu fakt göstərir ki, sülh yalnız yüksək səviyyəli danışıqlarda deyil, yanacaqdoldurma məntəqələrində, bazarlarda və gündəlik iqtisadi münasibətlərdə də formalaşır.
Eyni zamanda, Mirzoyanın "sülh var, əməkdaşlıq cəhdləri var, amma yol hələ bitməyib" deməsi Ermənistan daxilində mövcud olan psixoloji və siyasi çətinliklərin hələ tam aradan qalxmadığını göstərir. O, faktiki olaraq etiraf edir ki, onilliklər boyu formalaşdırılmış düşmən obrazı bir neçə bəyanatla yox olmur. Eyni zamanda, Ermənistan daxilində xaricdən bəslənən və qidalanan revanşist qüvvələrin mövcudluğunu, sülh prosesində qeydə alınan irəliləyişlərin isə bu qüvvələri zəiflətməsini də nəzərə almaq lazımdır.
Bunu dərk edən revanşist qüvvələrin həyasızlaşması, Azərbaycan benzininə qarşı boykot kampaniyalara start verdiyini də qeyd etmək yerinə düşər. Amma, bununla belə, sadə erməni vətəndaşı büdcəsini düşünərək Azərbaycan benzini alır, revanşistlərin boykot çağırışlarına sadəcə bir ovuc xəstə təfəkkürlü şəxs qoşulur. Buna görə də sülhün institutlaşdırılması mərhələli və praktik əməkdaşlıq üzərindən aparılmalıdır. Məsələn, ticarət, tranzit, enerji və logistika sahələrində konkret uğurlu nümunələr yarandıqca cəmiyyətdəki müqavimət də tədricən zəifləyir. Bu, sülhün kağız üzərində deyil, real həyat təcrübəsi ilə möhkəmlənməsi deməkdir.
İqtisadiyyat naziri Gevork Papoyanın açıqlamaları bu siyasi ritorikanın iqtisadi davamı kimi çıxış edir. Onun yalnız idxaldan deyil, Ermənistan məhsullarının Azərbaycana ixracından danışması normallaşmanın artıq konkret iqtisadi mexanizmlərlə ölçülməyə başlandığını göstərir. Alüminium və folqa məhsulları, kənd təsərrüfatı malları, içkilər və tekstil sahəsi Ermənistan iqtisadiyyatında real istehsal potensialına malik sahələrdir. Azərbaycan bazarı isə həm coğrafi yaxınlıq, həm də istehlak həcmi baxımından bu məhsullar üçün ən əlverişli istiqamətlərdən biridir. Bu, Ermənistan istehsalçıları üçün logistika xərclərinin azalması və satış imkanlarının genişlənməsi deməkdir.
Papoyanın "Ermənistanın ixrac etdiyi, Azərbaycanın isə idxal etdiyi məhsullar mövcuddur" fikri iqtisadi baxımdan sadə, lakin siyasi baxımdan gec qəbul edilmiş bir həqiqəti əks etdirir. Uzun illər bu məntiq emosional ritorika ilə kölgədə saxlanılmışdı. Gürcüstan dəmir yolu vasitəsilə rəqabətli qiymətlərin əldə olunması ilə bağlı açıqlama isə regionda artıq formalaşmış kommunikasiya modelinin real işləkliyini göstərir.
Gürcüstan bu gün Azərbaycanla sıx logistika əlaqələri sayəsində tranzit gəlirləri əldə edir, limanlarını və dəmir yollarını yüklə doldurur və regional ticarətin mühüm həlqəsinə çevrilib. Artıq rəsmi İrəvan da Tbilisi kimi Azərbaycanla logistika marşrut imkanlarından faydalanmaq, iqtisadi gəlir əldə etmək istəyir. Bu marşrutlar Ermənistan iqtisadiyyatına yeni nəfəs verə, onu regional ticarət zəncirinə real iştirakçı kimi daxil edə bilər. Ən əsası isə bu, Ermənistanın uzun illər kənarda qaldığı tranzit və logistika gəlirlərindən pay almaq imkanı deməkdir.
Burada əsas fərq ondan ibarətdir ki, Azərbaycan artıq uzun illərdir bu kommunikasiya və logistika sistemlərinin mərkəzində yer alır. Bakı üçün yeni marşrutların açılması əlavə imkan və təsir alətidir, lakin həyati zərurət deyil. Ermənistan üçün isə bu proses, demək olar ki, alternativsizdir. Özünütəcrid və blokada nəticəsində itirilmiş vaxt, sərmayə və insan kapitalı yalnız açıq kommunikasiyalar hesabına bərpa oluna bilər. Əks halda, Ermənistan regional iqtisadi xəritədə periferiya olaraq qalmaq riskini daşıyır.
Gürcüstan nümunəsi bu baxımdan Ermənistan üçün açıq dərs rolunu oynayır. Tbilisi Bakı ilə qurduğu enerji, nəqliyyat və ticarət əlaqələri sayəsində həm iqtisadi gəlir əldə edib, həm də siyasi manevr imkanlarını genişləndirib. Ermənistan indi anlayır ki, oxşar yol onun üçün də mümkündür, lakin bunun əsas şərti Azərbaycanla normallaşmadır. Bu, Ermənistan-Azərbaycan münasibətlərinin artıq təkcə siyasi deyil, sırf inkişaf məsələsi olduğunu göstərir.
Nəticə etibarilə, Mirzoyan və Papoyanın açıqlamaları bir ümumi nəticəyə gətirir: Ermənistan reallıqları qəbul edir, blokada siyasətinin iflasa uğradığını anlayır və kommunikasiyaların açılmasını öz inkişafı üçün əsas açar kimi görür. Sülh və əməkdaşlıq bu mərhələdə daha çox Ermənistan üçün iqtisadi dirçəliş, sosial rahatlama və psixoloji transformasiya deməkdir. Azərbaycan isə artıq mövcud kommunikasiya və logistika üstünlükləri fonunda bu prosesi regional sabitlik və uzunmüddətli inkişafın tamamlayıcı elementi kimi qiymətləndirir.
Kamil Məmmədov