“Proseslər göstərir ki, dünya artıq II Dünya Müharibəsi ərəfəsindəki vəziyyətə yaxınlaşır. Zaman fərqli olsa da, tarixi müttəfiqlər bir araya gəlir. ABŞ-ın da son anda mövqeyini dəyişməyəcəyi ehtimalı yüksəkdir. Nəticə etibarı ilə yeni dünya düzəni məhz Almaniya, Yaponiya, Böyük Britaniya və Türkiyənin müdaxiləsi və iştirakı ilə son formasını alacağı ehtimalını artırır. Ancaq beynəlxalq siyasi xəritənin dəyişikliyi və miqyası Rusiya–Ukrayna müharibəsindən çox asılıdır”.
Bunu Hafta.az-a açıqlamasında siyasi şərhçi Vüqar Dadaşov bildirib.
Ekspert qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi bu gün həm ABŞ-ı, həm də Rusiyanı hərtərəfli zəiflədir, Çin nümunəsində isə rəqiblər güclənir:
"Geosiyasi proseslər Böyük Britaniya, Almaniya və Fransa kimi Avropa ölkələrinin, eləcə də Türkiyənin qlobal oyunçuya çevrilməsini şərtləndirir. Eyni zamanda, Hindistan kimi iddialı regional və qlobal oyunçuların meydana çıxmasına şərait yaradır. Bu səbəbdən ABŞ Rusiya–Ukrayna müharibəsinin dayandırılmasına israr edir. ABŞ və Avropa İttifaqının faktiki təhriki ilə Rusiyanın Ukraynaya qarşı təcavüz müharibəsi qlobal dünya üçün hərbi, siyasi-diplomatik və iqtisadi baxımdan son dərəcə ağır nəticələr doğurdu. Prezident Donald Trampın bu gün ABŞ adından müharibənin dayandırılması cəhdi təkcə onun şəxsi yanaşması deyil, qlobal müstəvidə ABŞ-ın hərbi və iqtisadi nüfuzunun azalması, təsir rıçaqlarını itirməsi və zəifləməsi ilə bağlıdır. Beynəlxalq qarşıdurmalar dünya təhlükəsizlik sistemində əsaslı dəyişikliklərə səbəb olub. Avropa ölkələri də dəyişən beynəlxalq düzəndə öz təhlükəsizliklərini müstəqil təmin etmək qənaətindədir. Çinin, bəzi Avropa ölkələrinin, xüsusilə Türk dünyasının qlobal oyunçuya çevrilməsi artıq geri dönməz bir proses kimi özünü göstərir. Yeni güclərin ortaya çıxması və ya qlobal güc statusuna iddialı olan ölkələrin praktik addımları, eləcə də ABŞ-ın Avropanın təhlükəsizliyinə laqeydliyi buna məcbur edir”.
V.Dadaşov bildirib ki, artıq Almaniya İkinci Dünya müharibəsindən sonra Avropanın yeni güc mərkəzinə çevrilmək istiqamətində hərəkətə başlayıb:
“Bu prosesdə Böyük Britaniya və Fransa Avropanın təhlükəsizliyini təmin etmək məqsədilə Almaniya ilə eyni plan üzrə və birgə hərəkət edir. Türkiyənin rolu isə xüsusi qeyd olunmalıdır. Ankara bu məsələdə daha çox imkan və şəraitə malikdir. Artıq Türkiyə öz hərbi sənayesi ilə Azərbaycanla müttəfiqlik şəraitində böyük uğurlar əldə edərək özünü nəinki NATO daxilində, həm də dünyada qlobal güc statusuna iddiasını ortaya qoyur. Türkiyə müstəqil hərbi sənayeyə, qabaqcıl texnologiyaya sahibdir. Türk əsgərinin döyüş qabiliyyəti isə qlobal miqyasda mübahisə mövzusu deyil. ABŞ-ın dünya uran ehtiyatlarının 50 faizindən çoxuna malik, Türk Dövlətləri Birliyinə üzv Qazaxıstan və Özbəkistana xüsusi münasibəti strateji yanaşmadır. Tramp yaxın günlərdə hər iki ölkə prezidentini G-20 sammitinə dəvət edib, eyni zamanda Özbəkistana 22-dən çox “Boeing” təyyarəsinin satışı razılaşdırılıb.
Bu ilin dekabr ayının əvvəlində Aralıq dənizində Türkiyə, Azərbaycan, ABŞ və Pakistanın keçirdiyi hərbi təlimlər Türkiyənin “Mavi Vətən” konsepsiyasına uyğun olaraq qlobal güc kimi, o cümlədən ABŞ tərəfindən də tanınmasının göstəricisi kimi dəyərləndirilir. Bu kontekstdə onu da vurğulamaq lazımdır ki, Yaponiya da İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Almaniya kimi eyni xətt və məqsədlə öz hərbi potensialını bərpa etməyə başlayıb. ABŞ və Çindən sonra Yaponiya hərbi sənayesinə 58 milyard dollar rekord maliyyə vəsaiti ayırıb. Qabaqcıl texnologiyası ilə tanınan Yaponiya hərbi sənayesinin inkişafı üçün Türkiyə ilə əməkdaşlığa gedir. Maraqlı fakt üzə çıxır, daha doğrusu, tarix təkrarlanır. İkinci Dünya müharibəsi dövründə Almaniya, Yaponiya və İtaliya başda olmaqla “OX” (Axis) adlı hərbi-siyasi ittifaqda birləşirdi. Türkiyə isə “OX” hərbi blokuna qarşı Antihitler koalisiyasına qoşulmayıb. Ancaq fakt budur ki, Türkiyə Almaniya ilə siyasi-diplomatik və iqtisadi əlaqələrini davam etdirmiş, Almaniyanın rəsmi müttəfiqi olmasa da, onun hərbi sənayesini strateji əhəmiyyətli xammalla təmin edib”.
Tahirə Qafarlı