AZ

Çin elektrikli avtomobillər üçün enerji sərfiyyatına sərt məhdudiyyətlər tətbiq edir

Çin elektrikli avtomobillərlə bağlı yeni qərar qəbul edib. AzPost Çin Piyasa Nəzarəti üzrə Dövlət İdarəsinə istinadla xəbər verir ki, “Elektrikli minik avtomobillərinin enerji sərfiyyatı hədləri” adlı milli standart 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək. Yeni qaydalar elektrikli minik avtomobilləri üçün enerji sərfiyyatına məcburi yuxarı hədd müəyyən edən dünyada ilk tətbiq kimi qiymətləndirilir. Bildirilir ki, əvvəl mövcud olan könüllü standartlarla müqayisədə enerji sərfiyyatı tələbləri təxminən 11 faiz sərtləşdirilib.

Qərara əsasən, avtomobillər kütlə kateqoriyalarına görə fərqli enerji sərfiyyatı limitləri ilə tənzimlənəcək. Məsələn, çəkisi təxminən iki ton olan elektrikli minik avtomobili 100 kilometr məsafədə maksimum 15,1 kilovat-saat enerji sərf etməlidir. Standart qüvvəyə mindikdən sonra Çində istehsal ediləcək bütün yeni elektrikli minik avtomobilləri bu tələblərə cavab verməlidir. Bu səbəbdən avtomobil istehsalçıları 2025-ci ilin sonunadək texniki uyğunlaşmanı tamamlamalı və rəsmi qeydiyyat prosedurlarını başa çatdırmalıdır.

Tənzimləyici qurumların açıqlamasına görə, enerji sərfiyyatının sərtləşdirilməsi batareya tutumu dəyişdirilmədən avtomobillərin orta yürüş məsafəsini təxminən 7 faiz artırmağa imkan verəcək. Bu yanaşmanın istehsal prosesində ümumi səmərəliliyin yüksəlməsinə səbəb olacağı vurğulanır. Yeni standart eyni zamanda Çində elektrikli nəqliyyat vasitələrinə tətbiq edilən vergi güzəştləri ilə uzlaşdırılıb.

Oktyabr ayında qəbul edilən qərara görə, 2026–2027-ci illər üçün yeni enerji avtomobillərinə tətbiq edilən alış vergisi güzəştləri enerji sərfiyyatı və yürüş göstəricilərinə əsasən müəyyənləşdiriləcək. Tam elektrikli avtomobillər vergi güzəştindən yararlanmaq üçün yeni enerji sərfiyyatı limitlərinə cavab verməlidir. Hibrid modellər isə ən azı 100 kilometr elektrik yürüşü təqdim etməli və həm elektrik, həm də yanacaq sərfiyyatında milli hədlərdən aşağı qalmalıdır. Şərtlərə uyğun gəlməyən modellər 2026-cı ildən etibarən vergi güzəşti siyahısından çıxarılacaq.

AzPost.az

Seçilən
12
50
azpost.info

10Mənbələr