Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən bloqer Altay Göyüşovun ilk məhkəmə hazırlıq iclası keçirilib.
Hafta.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.
Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Növbəti proses yanvarın 7-nə təyin edilib.
Qeyd edək ki, Altay Göyüşov barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.
O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub.
Binəqədi Rayon Məhkəməsinin 2025-ci il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
2025-ci il sentyabrın 17-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Altay Göyüşovun barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, 20 aprel 2020-ci ildə "YouTube" internet platformasında və 2 sentyabr 2024-cü il və 1 yanvar 2025-ci ildə "Facebook" kanalında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar edib və yayıb.