AZ

Gürcüstana getmək bahalaşdı Əlavə nə qədər xərcimiz çıxacaq? AÇIQLAMA

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, gələn il yanvarın 1-dən Gürcüstana daxil olan bütün əcnəbilər, o cümlədən Azərbaycan vətəndaşları ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar. Sığorta təminatının minimum məbləği 30 min gürcü larisi (GEL) təşkil etməlidir.

Gürcüstanda icbari tibbi sığorta tələbinin tətbiqi ölkəmizdə geniş ictimai maraq doğurub və bir sıra suallar yaradıb.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, deputat Azər Allahverənov bildirib ki, bu qərar ilk növbədə əlavə prosedur kimi qəbul edilsə də, beynəlxalq təcrübədə analoji hallar mövcuddur.

Deputatın sözlərinə görə, 30 min Gürcü larisi məbləğini əhatə edən sığorta polislərinin Azərbaycan daxilində əldə olunması mümkündür. Hazırda ölkəmizdə fəaliyyət göstərən turizm və sığorta şirkətləri beynəlxalq standartlara uyğun olaraq bu həddi əhatə edən yol (travel) sığortaları təqdim edə bilirlər:

“Şengen ölkələrinə giriş zamanı da səyahət sığortası tələb olunur. Bu sığortalar adətən, səfərin müddətinə uyğun olaraq beş günlük, on günlük və ya bir aylıq şəkildə tərtib edilir. Gürcüstanla bağlı tələb edilən 30 min lari məbləği də ya ümumi sığorta prinsipi, ya da qalma müddətinə uyğun risk faktorları əsasında müəyyən edilə bilər.”

Azər Allahverənov qeyd edib ki, hələlik sığortanın konkret hansı tibbi xidmətləri əhatə edəcəyi ilə bağlı yekun siyahı açıqlanmayıb. Bununla belə, söhbət əsasən, təcili tibbi yardım, səhhətində qəfil problem yaranan şəxslərə tibbi müdaxilə və oxşar hallardan gedir.

Deputatın sözlərinə görə, 30 min Gürcü larisi təqribən 19 min manat deməkdir ki, bu da kifayət qədər geniş tibbi xidmət spektrini əhatə edə biləcək məbləğdir:

“İstər dövlət, istərsə də özəl tibb müəssisələrində xidmət haqları fərqlidir. Amma 19 min manatlıq sığorta limiti Gürcüstanda kifayət qədər geniş tibbi xidmətlərin göstərilməsinə imkan yarada bilər. Bununla belə, xidmət növləri və sığorta məbləğinin hansı prinsip üzrə hesablanacağı hələ dəqiqləşdirilməyib.”

Azər Allahverənov vurğulayıb ki, bu məsələ turizm şirkətləri, sığorta qurumları və aidiyyəti dövlət orqanları arasında koordinasiyalı şəkildə həll edilməlidir. Onun fikrincə, Dövlət Turizm Agentliyi, sığorta şirkətləri və turizm şirkətləri birgə müzakirələr apararaq vətəndaşları narahat edən suallara aydınlıq gətirməlidirlər.

Deputat həmçinin bildirib ki, bəzi turizm şirkətləri artıq səfər bileti ilə yanaşı, yol sığortası şəhadətnaməsini də təqdim edirlər. Bununla yanaşı, Gürcüstan tərəfinin qəbul etdiyi sığorta şirkətlərinin siyahısı və sığorta polislərinin tanınma mexanizmi də dəqiqləşdirilməlidir:

“Bu məsələ Gürcüstan tərəfi ilə sıx koordinasiya tələb edir. Hansı sığorta şirkətlərinin polislərinin qəbul ediləcəyi, müddətlər və tibbi xidmətlərlə bağlı detallı məlumatı məhz Gürcüstan tərəfi açıqlamalıdır.”

Azər Allahverənov etiraf edib ki, qısa müddətli – üç-beş günlük səfərlər üçün əlavə sığorta xərci vətəndaşların maddi maraqlarına tam uyğun olmaya bilər. Lakin o hesab edir ki, məsələyə qlobal baxıldıqda bu qərarın əsas məqsədi risklərin azaldılmasıdır.

Deputat pandemiya dövrünü xatırladaraq bildirib ki, həmin vaxt Gürcüstana səfər edən şəxslərin tibbi problemləri həm vətəndaşlar, həm də qəbul edən ölkə üçün çətinliklər yaradırdı. Bu baxımdan sığorta mexanizmi belə hallarda prosesi daha rahat idarə etməyə imkan verir:

“Burada orta məxrəc tapılmalıdır ki, həm vətəndaşların maraqları qorunsun, həm də bu qərar cəmiyyətdə ciddi narazılıq doğurmasın. Amma istənilən halda bu, Gürcüstan hökumətinin tələbidir və həmin ölkəyə səfər etmək istəyən şəxslər bu qaydalara uyğun hərəkət etməli olacaqlar.”

Onu da qeyd edək ki, mütəxəssislərin fikrincə, 30 min gürcü larisi dəyərində təminatla 3 günlük sığortanın dəyəri orta hesabla 8–10 manat, 3–5 günlük səyahətlər üçün isə maksimum 15 manata qədər dəyişə bilər. Gürcüstana sığortasız daxil olan şəxsləri isə təqribən 180–190 manat civarında cərimə gözləyir. Həmin cərimə ödənilmədən əcnəbilərin ölkədən çıxışına icazə verilməyəcək.

Fəridə, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
50
www.bakupost.az

10Mənbələr