AZ

İndiyədək “Qərbi Azəri” platformasından 1 milyard bareldən çox neft hasil edilib

Dekabrın 30-da “Qərbi Azəri” platformasından ilk neft hasilatının 20 ili tamam olur. Bu, nəhəng “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının işlənməsində əlamətdar hadisədir.

bp şirkətindən verilən məlumata görə, “Qərbi Azəri”dən ilk hasilat 30 dekabr 2005-ci il tarixində əldə olunub və bununla da AÇG-nin tammiqyaslı işlənməsinin ikinci fazası başlanıb. İlk neft əvvəlcədən qazılan üç öncə qazma quyusunun birincisindən hasil olunaraq sualtı boru kəməri vasitəsilə 4 yanvar 2006-cı il tarixində Səngəçal terminalına çatmışdı. O vaxtdan “Qərbi Azəri” AÇG-nin hasilat salnaməsinin aparıcılarından biridir.

İndiyədək platformadan 1 milyard bareldən (142 milyon ton) çox neft hasil edilib və bu göstərici ilə “Qərbi Azəri” AÇG platformaları arasında “Mərkəzi Azəri”dən sonra ikinci yerdədir. Bununla da “Qərbi Azəri” 1997-ci ilin noyabrında hasilata başlamış AÇG yatağından 4,5 milyard barel ümumi neft hasilatına əhəmiyyətli töhfə verib.

“Qərbi Azər”i hazırda da təhlükəsiz və etibarlı şəkildə öz fəaliyyətini davam etdirir. 2025-ci ilin üçüncü rübünün sonuna platformadan gündəlik orta hasilat 76 min barel təşkil edib.

“Qərbi Azəri” obyektlərinə 48 quyu gövdəsi olan bir hasilat, qazma və yaşayış platforması və qurudakı Səngəçal terminalına birləşdirilmiş 30 düymlük sualtı boru kəməri daxildir.

Hazırda “Qərbi Azəri”də təxminən 170 nəfər çalışır və onların əksəriyyəti, o cümlədən platformanın hər iki meneceri azərbaycanlı mütəxəssislərdir.

İndiyədək platformadan ümumilikdə 40 quyu və çox sayda yan lülə qazılıb. Hazırda istismarda olan 32 quyudan 24-ü hasilat quyusu, 8-i isə suvurma quyusudur.

Seçilən
15
16
vergiler.az

10Mənbələr