AZ

Dünya Azərbaycanlıların həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasəti



Xalqların həyatında elə tarixi anlar olur ki, həmin günlər adi vaxt ölçüsündən çıxaraq bütöv bir dövrün simvoluna çevrilir. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdə məhz belə əlamətdar və müqəddəs tarixlərdəndir. Bu günün bayram kimi qeyd olunması nə təsadüfi qərardır, nə də sıradan təqvim seçimi. Bu, millətin öz kimliyinə, mənəvi varlığına və gücünə verdiyi dəyərin, tarixi yaddaşına yazdığı möhtəşəm bir sənədin ifadəsidir. 31 Dekabr dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla azərbaycanlının qəlbində alovlanan Vətən sevgisinin bayramıdır.

Bu ali ideyanın formalaşması isə təkcə siyasi proses deyil, eyni zamanda dərin düşüncə məktəbidir. Həmin məktəbin banisi və müəllimi Ulu Öndər Heydər Əliyev olmuşdur. O, dünya azərbaycanlılarının həmrəyliyi ideyasını sadəcə bir çağırış kimi deyil, milli şüurun yenidən dirçəlişi və möhkəmlənməsi kimi təqdim etdi. Sovet ideoloji sisteminin sərt qadağaları və məhdudiyyətləri fonunda “Azərbaycan birliyi” anlayışını irəli sürmək böyük iradə və cəsarət tələb edirdi.Ulu Öndər Heydər Əliyev bunu bacardı. Çünki o, millətin gələcəyini zamanın fövqündə görən nadir siyasi lider idi.

Ulu Öndər Heydər Əliyev hər zaman vurğulayırdı ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ürəyi Vətənlə bir döyünməlidir. Bu duyğu xalqı vahid millətə çevirən ən böyük mənəvi sərvətdir. Məhz bu baxış Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün fəlsəfi əsasını formalaşdırdı. 1997-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı isə bu ideyanın real siyasi və ictimai müstəvidə təcəssümü oldu. İlk dəfə olaraq dünyanın dörd bir tərəfindən gəlmiş soydaşlarımız Bakıda bir araya gələrək “Azərbaycançılıq” ideyasının güclü siyasi platformaya çevrildiyinin şahidi oldular.

Bu tarixi xətt XXI əsrdə Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və uzaqgörən liderliyi ilə daha geniş miqyas aldı. Müasir dövrdə həmrəylik anlayışı yalnız mənəvi bağlılıq kimi deyil, eyni zamanda dövlət gücünün əsas strateji dayaqlarından biri kimi qəbul olunur. Ölkə Prezident İlham Əliyev bu dəyərin çağdaş mahiyyətini belə ifadə etmişdir: Azərbaycan gücləndikcə dünya azərbaycanlılarının birliyi də möhkəmlənir. Bu birlik Vətənə sevginin və milli kimliyə sədaqətin bariz nümunəsidir.

Bu gün diaspor siyasətinin ardıcıl inkişafı, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların hüquqlarının müdafiəsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması sistemli dövlət siyasətinə çevrilmişdir. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan evləri, diaspor mərkəzləri, koordinasiya şuraları və mədəniyyət ocaqları milli həmrəyliyin rəsmi və institusional ifadəsidir.

Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə həmrəylik anlayışı özünün ən yüksək mərhələsinə çatdı. Dünyanın hər yerində yaşayan soydaşlarımız informasiya cəbhəsində fəal mövqe tutaraq Azərbaycan Ordusunun haqq işinə güclü dəstək verdilər. Bu, xalqın birliyinin və milli iradəsinin parlaq nümunəsi idi. Cənab Prezident İlham Əliyev bu tarixi həmrəyliyi yüksək qiymətləndirərək bildirmişdir ki, qələbəmizin əsas təməlində yalnız ordumuzun gücü deyil, bütün xalqın sarsılmaz birliyi dayanır.

31 Dekabrın siyasi və mənəvi əhəmiyyəti vahid millətin dünyaya ünvanladığı qlobal mesajdır. Bu günün əsas mənası ondan ibarətdir ki, Azərbaycan dövləti dünyanın hər yerində yaşayan milyonlarla azərbaycanlının dövlətidir. Həmrəyliyin ilin son günündə qeyd olunması da dərin rəmzi məna daşıyır: yeni ilə qədəm qoyarkən bütün azərbaycanlıların düşüncə, ruh və taleyinin eyni istiqamətə yönəlməsi bu günün mahiyyətini daha da zənginləşdirir. Bu bayram soydaşlarımıza onu bildirir ki, onlar tək deyillər. Onların arxasında güclü dövlət, ortaq tarix, dil, milli yaddaş və kimlik dayanır.

Bu birliyi yaşadan Azərbaycan ideyası Ulu Öndər Heydər Əliyevin yaratdığı, cənab Prezident İlham Əliyevin isə müasir dövrün tələblərinə uyğun inkişaf etdirdiyi böyük mənəvi-siyasi dəyərdir. Diaspor hərəkatı bu qlobal Azərbaycan varlığının əsas sütunlarından biridir. Bu gün Azərbaycan diasporu dünyanın ən fəal və sürətlə inkişaf edən icmalarından biri kimi tanınır. Onlar mədəniyyətimizi yaşadır, dilimizi qoruyur, iqtisadi və elmi körpülər yaradır, milli kimliyimizi beynəlxalq müstəvidə layiqincə təmsil edirlər. Diaspor təşkilatlarının fəaliyyəti Azərbaycanın beynəlxalq mövqelərini gücləndirir və informasiya mübarizəsində etibarlı sipərə çevrilir.

Məhz buna görə həmrəylik təkcə bir günün bayramı deyil, bütöv bir millətin qlobal strategiyasıdır. Bu strategiyanın tarixi və ideoloji dayaqları Ulu Öndər Heydər Əliyevin milli ideologiyası və Prezident İlham Əliyevin müasir dövlətçilik modeli ilə müəyyən olunur. Nəticə etibarilə biz bir millətik, biz Azərbaycana bağlılıqdan doğan böyük bir gücük.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bir daha sübut edir ki, Azərbaycan yalnız coğrafi məkan deyil – bir ruhdur; Azərbaycan təkcə sərhədlər deyil – bir amal, bir dəyər sistemidir; Azərbaycan sadəcə dövlət deyil – dünyanın hər tərəfində yaşayan milyonlarla insanın qəlb çırpıntısıdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu ideya millətin bu günü, sabahı və əbədi yoludur.

İlham Abbasov,
Goranboy rayon İcra Hakimiyyəti başçısının Börü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi, YAP Goranboy rayon təşkilatının Börü ərazi partiya təşkilatının sədri.




Seçilən
4
50
aia.az

10Mənbələr