Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Kiyev, 29 dekabr, AZƏRTAC
Ukraynada 4 ilə yaxındır müharibə getməsinə baxmayaraq, bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporu iki ölkə arasında əməkdaşlığın güclənməsinə öz töhfəsini verib. Azərbaycan dövləti ilə yanaşı, burada yaşayan soydaşlarımız müharibə şəraitində olan Ukrayna xalqına humanitar yardımlarını davam etdirir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Ukraynada yaşayan türkoloq, ukraynaşünas alim, tarix elmləri doktoru, professor Fərhad Turanlı söyləyib. Onun sözlərinə görə, Ukraynada yaşayan azərbaycanlılar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşiblər. Ukraynada yaşayan soydaşlarımız bu gün daha qürurludurlar, çünki işğal altında olan torpaqlarımız azad edilib. İndi həmin ərazilər yenidən qurulur.
46 ildir Ukraynada yaşayan Fərhad Turanlı bildirib ki, hazırda Osmanlı İmperiyası, Ukrayna Kozak Dövləti, Krım Xanlığı və Şərqi Avropa dövlətlərinin tarixi münasibətləri ilə bağlı elmi araşdırmalar aparır və müxtəlif sahələr üzrə dərs deyir. O, 1992-ci ildə Prikarpattya Milli Universitetinin Tarix fakültəsini bitirib, Ukraynada diaspora hərəkatının qurucularından biridir. Kiyevdə təsis etdiyi “Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyası”nın rəhbəridir.
Fərhad Turanlı Ukraynada türk dili, Türkiyədə isə Ukrayna dili kafedralarının yaradılmasında iştirak edib. O, 200-dən artıq elmi əsərin müəllifidir. Elmi fəaliyyətinə görə müxtəlif mükafatlarla təltif olunub. Müharibə şəraitində də elmi-pedaqoji işini davam etdirir. 1960-cı il dekabrın 26-da Azəbaycanın Sabirabad rayonunun Çiçəkli kəndində dünyaya gələn Fərhad Turanlı bu günlərdə ümumUkrayna “Maarif” İctimai təşkilatının Ali Şurasının qərarına əsasən 65-ci ildönümü münasibətilə “Ukraynanın qurucusu” medalı ilə təltif olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.