Ağdam, 29 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: Əməkdar jurnalist, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Nadirin 2026-cı ildə ölkəmizdə keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) önəmindən bəhs edən “WUF13 Azərbaycanın şəhərsalma təcrübəsinin beynəlxalq təqdimatı olacaq” sərlövhəli məqaləsini təqdim edirik.
Şəhərsalma anlayışı son illərdə qlobal miqyasda təkcə məkanın planlaşdırılması deyil, həm də sosial ədalət, ekoloji tarazlıq, texnoloji yenilik və insan mərkəzli inkişaf anlayışları ilə əlaqələndirilir. Azərbaycan isə bu yeni yanaşmanı post-münaqişə reallığında, azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq prosesi ilə praktik müstəviyə daşıyan nadir ölkələrdən biridir. Belə ki, 30 ilə yaxın işğal altında qalan ərazilərin tamamilə dağıdılmış vəziyyətdə geri qaytarılması Azərbaycanı klassik bərpa yox, sıfırdan şəhərsalma qərarları vermək zərurəti ilə üz-üzə qoydu. Bu isə ölkəyə tarixi bir imkan yaratdı: köhnə problemləri təkrar etmədən, XXI əsrin tələblərinə uyğun yeni şəhərlər, qəsəbələr və kəndlər salmaq. Zəngilan, Füzuli, Laçın, Cəbrayıl, Ağdam, Şuşa, Kəlbəcər və digər yaşayış məntəqələrində tətbiq olunan yanaşma göstərir ki, Azərbaycan şəhərsalmanı, sadəcə tikinti prosesi kimi deyil, uzunmüddətli sosial-iqtisadi strategiya kimi görür. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, həm də enerji səmərəliliyi, yaşıl nəqliyyat, rəqəmsal idarəetmə və icma əsaslı yaşayış fəlsəfəsi ilə tamamlanır. Yeni salınan yaşayış məntəqələrində sosial infrastruktur: məktəb, xəstəxana, mədəniyyət mərkəzləri, ictimai məkanlar – şəhərsalmanın mərkəzi elementi kimi nəzərdə tutulur. Ekoloji aspekt də xüsusi önəm daşıyır. Bərpa olunan enerji mənbələrindən istifadə, yaşıllıq zolaqlarının qorunması və s. Azərbaycanın şəhərsalma modelini qlobal “yaşıl gündəlik”lə uzlaşdırır.
Onu da qeyd edək ki, Azərbaycanın 2024-cü ildə COP29-a uğurla ev sahibliyi etməsi ölkənin qlobal problemlərin müzakirəsində etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi. İqlim dəyişikliyi kimi mürəkkəb və siyasi cəhətdən həssas bir mövzuda təşkilati və məzmun baxımından yüksək səviyyəli platforma yaratmaq Bakının beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirdi. Məhz bu təcrübə fonunda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakıda keçirilməsi təsadüfi qərar deyil. Bu, Azərbaycanın şəhərsalma sahəsində topladığı praktik təcrübənin və konseptual baxışın beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
WUF13-ün Bakıda keçirilməsi şəhərsalma ilə bağlı qlobal diskussiyaların yenidən bərpası, iqlimə davamlı şəhərlər, inklüziv yaşayış məkanları mövzularında geniş müzakirələrin aparılmasına şərait yaradacaq. Bu forum Azərbaycana azad olunmuş ərazilərdə həyata keçirilən layihələri “canlı nümunə” kimi dünya ictimaiyyətinə təqdim etmək imkanı verəcək. Digər tərəfdən, COP29-da olduğu kimi, WUF13 də Bakının böyük beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını bir daha təsdiqləyəcək. Daha önəmlisi isə odur ki, bu forum vasitəsilə Azərbaycan yalnız ev sahibi ölkə kimi deyil, yeni şəhərsalma fəlsəfəsi formalaşdıran aktor kimi çıxış edəcək. Beləliklə, azad olunmuş ərazilərdə yeni şəhər, qəsəbə və kəndlərin salınması Azərbaycanın gələcək inkişaf modelini yenidən qurur. Bu model münaqişədən çıxmış ölkələr üçün ümidverici nümunə, şəhərsalma sahəsində isə real alternativdir. COP29 təcrübəsi göstərir ki, Azərbaycan qlobal çağırışlara cavab verə bilir. 2026-cı ildə keçiriləcək WUF13 isə bu cavabın şəhərsalma müstəvisində təsdiqi olacaq.
Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin gələcək inkişaf vizyonunu əks etdirən strateji bir addımdır. Bu qərar işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərini və şəhərlərimizin müasir simasının formalaşdırılmasını dövlət siyasətinin prioritet istiqaməti kimi bir daha təsdiqləyir. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tətbiq olunacaq innovativ həllər və beynəlxalq standartlar Azərbaycanın milli memarlıq ənənələrini qlobal trendlərlə vəhdətdə inkişaf etdirməyə geniş imkanlar açacaq. Eyni zamanda, bu təşəbbüs ölkəmizdə ekoloji təmiz, rəqəmsal və dayanıqlı yaşayış mühitinin yaradılması prosesini sürətləndirərək beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunu daha da yüksəldəcək. Bu əlamətdar il həm mütəxəssislər, həm də cəmiyyətin bütün təbəqələri üçün vahid məqsəd ətrafında birləşmək və daha yaşıl, daha müasir Azərbaycan qurmaq naminə yeni bir fəaliyyət mərhələsi olacaq.