AZ

Amerikalı ekspert: Təəssüf ki, Vaşinqtonda uzun illər ərzində Azərbaycana qarşı dominant qərəz olub

Vaşinqton, 29 dekabr, AZƏRTAC

Azərbaycanla ABŞ arasında münasibətlər hazırda çox yaxşıdır, lakin bu, həmişə belə olmayıb. Çünki Azərbaycanın Qarabağ bölgəsindəki münaqişə uzun və ağrılı tarixi boyunca burada mənfi istiqamətdə işıqlandırılıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-da yerləşən Qlobal Siyasət İnstitutunun prezidenti Paolo Von Şirah deyib. O, təəssüflə bildirib ki, Vaşinqtonda uzun illər ərzində Azərbaycana qarşı dominant qərəz olub.

“İndi vəziyyət tamamilə fərqlidir. İlk növbədə, Azərbaycan əsasən öz resursları hesabına ərazisi üzərində nəzarəti tam bərpa etmək üçün lazım olan hər şeyi həyata keçirib. Bu, yaxşı haldır. Beləliklə, bu, Vaşinqtonda fərqli bir atmosfer və fərqli bir anlayış yaratdı. Bu ilin avqust ayında Azərbaycan Prezident İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtona gələrək Prezident Donald Trampla Zirvə görüşü keçirmələri münasibətləri çox vacib bir mərhələyə yüksəltdi”, - deyə ekspert qeyd edib.

O, TRIPP layihəsindən danışaraq bildirib ki, 40-50 kilometrlik bu yol Türkiyədən başlayaraq Adriatik dənizinə qədər uzanacaq çox uzun bir magistralın yaradılmasına imkan verəcək vacib dayaq nöqtəsidir. “Potensial olaraq bu, Albaniyadan Yunanıstana, Türkiyə vasitəsilə Şimala - Yunanıstana qədər uzana bilər. Sonra Ermənistan və Azərbaycan, Xəzər dənizindən Türkmənistan, Qazaxıstan və digər ölkələrlə birləşə bilər. Beləliklə, bu, Avropanı Mərkəzi Asiya, eləcə də Yaxın Şərq ilə birləşdirən supermagistrala çevrilir və Azərbaycanı bu yeni habın mərkəzinə yerləşdirir. Bu, sülh, inkişaf, investisiyalar və Şərqlə Qərb arasında ticarət, iqtisadiyyat və investisiya əlaqələrinin artırılması üçün çox yaxşı hab ola bilər”, - deyə o vurğulayıb.

Paolo Von Şirah deyib ki, Prezident Trampla 2025-ci ilin avqustunda Ağ Evdə keçirilən sammitdən sonra hazırda münasibətlər çox yaxşı bir məcraya yönəlib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
21
4
azertag.az

5Mənbələr