AZ

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində korrupsiya hüquqpozmalarına qarşı mübarizə üzrə seminar-müşavirə keçirilib

Bakı, 29 dekabr, AZƏRTAC

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində əməkdaşların maarifləndirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Bu çərçivədə Xidmətin hərbi qulluqçularının korrupsiya hüquqpozmaları ilə bağlı məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun eksperti, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli Xidmətə dəvət edilib.

AZƏRTAC Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, tədbir zamanı Zaur İbrahimli korrupsiya ilə əlaqədar hüquqpozmalar, bu hüquqpozmalar üzrə məsuliyyət, eləcə də dövlət qulluğunda etik davranış qaydaları, prinsipləri və onlara əməl edilməsi kimi mövzularda maarifləndirici çıxış edib.

Zaur İbrahimli, çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunu xüsusi vurğuladığını, bu sahədə yeni təşəbbüslərin irəli sürülməsinin vacibliyini qeyd etdiyini və sosial-iqtisadi inkişafa aparan yolda korrupsiyaya qarşı sistemli mübarizənin aparıldığını diqqətə çatdırıb.

Seminar-müşavirə iştirakçıların mövzu ətrafında suallarının cavablandırılması və fikir mübadiləsi ilə başa çatıb.

Seçilən
47
21
azertag.az

10Mənbələr