
"Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində təəssüf ki, yollarımızda yenidən ağır yol-nəqliyyat hadisələri qeydə alınır".
Bu barədə Missiya.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği Şöbəsinin rəisi, polis polkovnik leytenantı Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, qəzaların əksəriyyəti sürücülərin, piyadaların və digər yol hərəkəti iştirakçılarının məsuliyyətsiz davranışı, tələskənliyi və diqqətsizliyi nəticəsində baş verir:
"Təəssüflər olsun ki, məhz bayram günlərində olan yol-nəqliyyat hadisələri bəzi ailələr üçün ömürlük kədər deməkdir. Həmin ailələr üçün Yeni ilin gəlişi artıq bayram yox, hər il yenidən xatırlanan acı bir tarixə çevrilir.
Unutmamalıyıq ki, yolda etdiyimiz hər bir hərəkət yalnız öz həyatımızı deyil, evdə bizi gözləyən sevdiklərimizin də taleyini müəyyənləşdirir. Sükan arxasında məsuliyyətsizlik geri dönüşü olmayan, ağır və ölümcül nəticələr verə bilər.
Bu gün yol hərəkəti qaydalarına əməl etmək təkcə qanunun tələbi deyil, həm də vicdan məsələsidir. Əgər hər birimiz bu əlamətdar günləri sağ-salamat qarşılamaq, bayram sevincini ailəmizlə birlikdə yaşamaq istəyiriksə, qaydalara qeyd-şərtsiz əməl etməli, digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmalıyıq.
Unutmamalıyıq ki, qayda pozan və qəza törədən bəzən biz ola bilərik, lakin bunun nəticəsində həyatını itirənlər çox vaxt günahsız insanlardır. Buna görə də "avtomobil mənimdir, istədiyim kimi sürərəm" düşüncəsindən uzaqlaşmalı, yolların hamı üçün olduğunu bir an belə yaddan çıxarmamalıyıq.
Gəlin, bayram günlərində yollarda tələsməyək, risk etməyək, bir anlıq diqqətsizliklə ömürlük peşmanlığa yol verməyək. Bayramlar itkilərlə deyil, sevinclə xatırlansın.
Bayramınız təhlükəsiz olsun!"