AZ

Məhkəmə bələdçi ilə bağlı qərar verdi

Bakıdakı “AzParking” MMC-nin 1,5 illik iş stajına malik əməkdaşı olmuş, müharibə veteranı Kənan İlyasov xüsusi ittiham qaydasında məhkəməyə verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda “AzParking” MMC-nin parklanma xidmətində bölgə müdiri işləyən D.D. (adı, soyadı şərtidir) Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

O, Kənan İlyasovun Cinayət Məcəlləsinin 147-ci (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir.

Məhkəmənin qərarı ilə şikayətin icraata qəbul olunmasından imtina edilməsi qərara alınıb. Həmin qərardan narazı qalan xüsusi ittiham apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.


Qeyd: Şikayətdə bildirilir ki, şəhid qardaşı olan, I Qarabağ müharibəsi iştirakçısı və uzun illər dövlətə xidmət etmiş ehtiyatda olan zabitdir. O, 2020-ci ildən“AzParking” MMC-də çalışır, hazırda parklanma xidmətində bölgə müdiri vəzifəsini icra edir. Şikayətçinin sözlərinə görə, o, vəzifə səlahiyyətlərini icra edərkən əmək qanunvericiliyinin tələblərinə ciddi əməl etmiş, tabeliyində olan işçilərə qarşı həm qayğıkeş, həm də qanun çərçivəsində tələbkar mövqe sərgiləmişdir.


D.D. iddia edir ki, son dövrlər onun nüfuzuna və peşəkar fəaliyyətinə xələl gətirmək məqsədilə barəsində qarayaxma və böhtan xarakterli məlumatlar yayılıb. Belə ki, Əcəmi ərazisində xidmət aparan bələdçinin köməkliyi ilə hazırlanmış videoçarx “TikTok” sosial şəbəkəsində paylaşılıb, videoda işçilərə guya əsassız məhdudiyyətlər qoyulması, audit yoxlamaları ilə təzyiq göstərilməsi və rüşvət alınması kimi iddialar səsləndirilib. Kənan İlyasov videoçarxda qeyd edib ki, onlara xidmət müddətində guya cəmi 1 dəfə ayaqyolundan istifadəyə vaxt verilir, siqaret çəkməyə məhdudiyyət qoyulur. 45 nəfər audit yoxlama onları izləyir, auditlər sürücülərin vaxtını bilərəkdən dayandırır, nəticədə bələdçilər təzyiqlərə məruz qalır, işçilərdən vəzifələrə çəkilmələri üçün rüşvət alınır. Kənan İlyasovun dediyinə görə bütün bu qeyd elədiyi məsələlərin arxasında xidmət rəisi Yalçın Bəşirov və o, durur, onların barəsində ciddi tədbir görülməlidir.


Qeyd olunanları əsas gətirən D.D. CM-nin 147 və 148-ci maddələrinin tələblərinə uyğun olaraq Kənan İlyasovun barəsində xüsusi ittiham qaydasında cinayət təqibinin başlanmasını və qanunla nəzərdə tutulmuş cəzanın təyin edilməsini məhkəmədən xahiş edib.


Qeyd: Mətbuatda yayılan məlumata görə, Bakıdakı “AzParking”ın 1,5 illik iş stajına malik əməkdaşı, müharibə veteranı Kənan İlyasov şirkətdə ona qarşı ədalətsiz davranışlardan şikayət edib. Sosial şəbəkələrdə yayılan videoda İlyasov əmək hüquqlarının kobud şəkildə pozulduğunu və şirkətdə qanunsuzluqların olduğunu iddia edib. Eyni zamanda o, daxili nəzarətçi Zalış Zeynalov və auditor İlkin bəyin vaxtla manipulyasiya etdiyini, nəticədə avtomobil nömrələrinin sistemdə görünmədiyini və sürücülərlə münaqişələrin yarandığını deyib. İlyasov rəhbərlikdə qohumluq əlaqələrinin olduğunu və vəzifə yüksəlişi üçün rüşvət tələb edildiyini iddia edib: “Onlara göstərişləri xidmət rəisi Yalçın Bəşirov və regional direktor Azər Seyfullayev verir. Bizə böhtan atırlar. Bütün rəhbərlik qohumlardan, yerlilərindən, əmisi uşaqlarından ibarətdir. Vəzifəyə yüksəliş üçün də rüşvət tələb olunur”.

Kamal Məmmədov 

Tarix: 29 Dekabr 2025, 09:32   
Seçilən
99
pravda.az

1Mənbələr