Baku TV-nin efirində yayımlanan "Retro Baku" verilişinin növbəti buraxılışı tanınmış kino aktrisası, Xalq artisti Nuriyyə Əhmədovanın həyat və yaradıcılığına həsr olunub.
Ailəsi onun aktrisa olmasını istəməyib. Anası bu seçimi heç vaxt qəbul etməyib və Nuriyyə xanım sonralar bunu taleyinin üzərində bir lənət kimi hiss etdiyini etiraf edib. Dəfələrlə sənətinə görə lənətləndiyini düşündüyünü açıq şəkildə dilə gətirib.
Filmoqrafiyasında əsasən epizodik rollar yer alsa da, Nuriyyə Əhmədova yaratdığı parlaq və yaddaqalan obrazlarla tamaşaçı yaddaşında silinməz iz qoyub.
O, sənətdə xoşbəxt idi. Lakin Azərbaycan kino tarixində onun qədər faciəli taleyi olan başqa bir aktrisanın tapılması çətindir.
Musiqili Komediya Teatrında çalışdığı illərdə o, Əminə Yusifqızının qardaşı, tanınmış musiqiçi Xanlar İbadovla tanış olur və ailə qurur. Bu nikahdan iki övladı - İlahə və Əli dünyaya gəlir. Ancaq ailə səadətini tam yaşamaq aktrisaya qismət olmur. 20 yaşında olan qızı yenicə ana olduğu günlərdə həyat yoldaşı tərəfindən amansızcasına qətlə yetirilir.
Aktrisa oğlunun xoşbəxtliyində də təsəlli tapa bilmir. Bir müddət sonra oğlunun ailəsi dağılır və həyat Nuriyyə Əhmədovanın qarşısına daha bir ağır sınaq çıxarır. Oğlu Əli xərçəng xəstəliyinə tutulur. Uzunmüddətli müalicələrə baxmayaraq, Əli 37 yaşında dünyasını dəyişir.
Nuriyyə Əhmədovanın həyatı sənətin parıltısı ilə bəzənsə də, taleyi qaranlıq, ağrılı və təkliyin kölgəsində keçib. Onun adı Azərbaycan kinosunun unudulmaz simaları arasında olduğu kimi, insan ruhunun ən ağır sınaqlarını yaşamış qadınların sırasında da xatırlanır.