Mar-a-Laqodakı görüşdə ABŞ prezidenti Ukrayna və Rusiya arasında bərabər məsafəli mövqeyə qayıtdı...
Poliqon Financial Times nəşrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında Mar-a-Laqoda hazırda davam edən görüş Zelenskinin gözləntilərini doğrultmayıb. Ukrayna lideri görüşün əvvəlində Trampdan açıq və güclü siyasi dəstək mesajı almağa ümid etsə də, bu, baş verməyib və Tramp əvvəlki mövqeyinə, Kiyev və Moskva arasında “bərabər məsafə” siyasətinə qayıdıb.
Nəşrin qeyd etdiyinə görə, Tramp açıqlamalarında həm Ukrayna, həm də Rusiya liderlərinin müharibəni dayandırmaq istədiyini vurğulayıb.
“Hər iki prezident razılaşma əldə etmək istəyir”, deyə Tramp bildirib və əlavə edib ki, Vladimir Putin müharibəyə son qoymaq məsələsində “çox ciddi” mövqe tutur.
ABŞ prezidenti son günlər Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları və raketlərlə həyata keçirdiyi hücumlara da münasibət bildirib. Bu hücumlarla bağlı suala cavab verən Tramp Ukraynanın da “çox güclü zərbələr endirdiyini” deyərək, məsuliyyəti yalnız bir tərəfin üzərinə qoymaqdan yayınmağa çalışıb.
FT vurğulayır ki, Trampın bu cür balanslı ritorikası Vaşinqtonun Kiyevə birmənalı siyasi dəstək nümayiş etdirmədiyini göstərir və bu, Ukrayna rəhbərliyi üçün arzuolunan ssenari deyil. Nəşrin fikrincə, Trampın açıqlamaları ABŞ-nin mümkün vasitəçi rolunu ön plana çıxarır, lakin eyni zamanda Ukraynanın gözlədiyi açıq tərəfkeş mövqedən uzaqdır.
Poliqon.info