Nəriman Axundzadənin son dövrlər azarkeşlər tərəfindən böyük təzyiqlərlə üzləşməsi milli komandamızın baş məşqçisi Ayxan Abbasovu da qayğılandıran məsələlərdən biridir. Nərimanın geriləməsi, xüsusən mərkəz hücumçusu sarıdan sıxıntıları olan yığmamıza da təsirsiz ötüşməyəcək.
İdman.Biz xəbər verir ki, "Qarabağ"ın hücumçusunun ətrafında yaranmış vəziyyətlə bağlı milli komandamızın baş məşqçisi Ayxan Abbasov sportal.az saytına danışıb.
"Hazırda millimizin 4 hücumçusu var - Renat, Mahir, Nəriman və Musa. Onlardan Mahir və Nərimanı cinahlarda da istifadə edə bilirik. Amma indiki halda hərəsinin özünə görə sıxıntıları var. Mahir zədələdir. Renatın Polşa karyerası alınmadı. Musa da zədə səbəbindən xeyli oyun buraxıb, yalnız son vaxtlar davamlı oynamağa başlayıb”, - deyə mütəxəssis bildirib.
Nərimana gəlincə, onun transfer məsələsi ilə bağlı bir şey deyə bilməyəcəyini söyləyən baş məşqçi, bunu klubun daxili işi adlandırıb:
“İndi ona təzyiqlər çoxdur. Amma Nəriman psixoloji cəhətdən daha güclü olmağı öyrənməli və çətinlikləri aşmağı çalışmalıdır. "Qarabağ"dakı yerlilərin Çempionlar Liqasında oynaması millimiz üçün də üstünlükdür. Elə böyük turnirlərdə qazanılan təcrübə millimizin də xeyrinədir. Xüsusən böyük yığmalarla oyunlarda buna çox ehtiyac olur".