“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo Braziliyanın “Botafoqo” klubunun 2026 mövsümü üçün nəzərdə tutulan transfer planlarından çıxarılıb və futbolçunun mümkün keçidindən imtina edilib.
İdman.Biz “ESPN Brasil”ə istinadla xəbər verir ki, 23 yaşlı futbolçu heyətin gücləndirilməsi üçün geniş namizədlər siyahısında yer alsa da, klub daxilində aparılan müzakirələrdən sonra onun adı prioritet hədəflər sırasından silinib.
Mənbənin yazdığına görə, Bikalyo ilə yanaşı, Macarıstanın “Ferentsvaroş” klubunun yarımmüdafiəçisi Julio Romao və Venesuela millisinin və “Anqostura” klubunun futbolçusu Qleyker Mendosa da “Botafoqo”nun qısa siyahısından çıxarılıb.
Qeyd edək ki, Pedro Bikalyo “Kruzeyro” və “Palmeyras” akademiyalarının yetirməsidir və peşəkar karyerasına da “Palmeyras”da başlayıb. O, daha sonra Portuqaliyada “Santa-Klara” və “Alverka” klublarında çıxış edib, bu yay isə “Qarabağ”a transfer olunub.