AZ

Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər

Dekabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər.

Aznews.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mərkəzin fəaliyyətinə dair məlumat verib. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan müəssisədə əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum uşaqlar və digər həssas əhali qruplarına aid şəxslərin yaradıcı potensialı inkişaf etdirilir.

2021-ci ildə açılışı olan Mərkəzin Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olduğu, burada təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s. üzrə təlimlərin təşkil edildiyi bildirilib. Ötən dövrdə müəssisədə, onun İsmayıllı və Bərdədəki filiallarında 900-dən çox şəxsin təlimlərə və sosial-psixoloji dəstək xidmətlərinə cəlb olunduğu qeyd edilib.

Leyla Əliyeva və Alena Əliyeva tərəfindən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarına hədiyyələr təqdim edilib.

Onlar Mərkəzdə həssas qruplara aid benefisiarların hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar. Leyla Əliyeva və Alena Əliyevaya Mərkəz və filiallarında hazırlanmış əl işlərindən hədiyyələr verilib.

Hazırda Mərkəz və filiallarında 280-dən çox benefisiarın xidmətlərdən yararlandığı diqqətə çatdırılıb. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin bu il Yaponiyada keçirilən "Osaka, Kansai Ekspo 2025" Ümumdünya sərgisində uğurla təmsil olunduğu, cari ildə Mərkəz tərəfindən daha 150-dən çox inklüziv tədbirin keçirildiyi bildirilib.

Seçilən
59
34
aznews.az

10Mənbələr