AZ

Sabiq nazirin 2 milyon vergi borcu yaranıb




Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil olan “İmprotex Industries” MMC-nin 2 223 740,24 manat vergi borcu var.

Newscenter.az-ın xəbərinə görə, bu barədə xaricdə yaşayan bloger Cavanşir Həsənli məlumat yayıb.

Məlumatlara görə, şirkətin qanuni təmsilçisi kimi keçmiş nazirin qardaşı oğlu Ruslan Ələkbərov göstərilir.
Blogerin apardığı qısa araşdırma isə diqqətçəkən mənzərəni üzə çıxarır: Azərbaycanda milyonlarla manat vergi borcu olan şirkətin direktoru ölkə xaricində – Lüksemburqdan İspaniyaya, Panamaya qədər geniş biznes şəbəkəsinə malikdir.

Məlumata görə, Ruslan Ələkbərov vaxtilə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) Daşınmaz Əmlak Departamentinin rəhbəri olub və 2018-ci ilə qədər bu vəzifədə çalışıb. Onun adı Lüksemburqda yerləşən RA CAPITAL SÀRL beynəlxalq daşınmaz əmlak şirkətinin səhmdarları sırasında yer alır. Şirkətin rəsmi məlumatlarında Ruslan Ələkbərov daşınmaz əmlak investisiyaları üzrə “veteran” kimi təqdim olunur, SOFAZ-da 10 ildən artıq rəhbər vəzifələrdə çalışdığı, milyardlarla dollarlıq investisiyalara məsul olduğu qeyd edilir.

Araşdırmada Ruslan Ələkbərovun adının Panamada 2008-ci ildə qeydiyyatdan keçmiş FABRUS CONSULT A.G. adlı anonim şirkətin direktorları sırasında keçdiyi də bildirilir. Bundan əlavə, onun İspaniyanın Malaga bölgəsində, xüsusilə Marbella şəhərində daşınmaz əmlak, klinika və sağlamlıq mərkəzi sahələrində fəaliyyət göstərən azı 5 şirkətin sahibi olduğu vurğulanır. Bu şirkətlərdə Ruslan Ələkbərov “Administrador Único” – yeganə idarəedici şəxs kimi qeyd olunub.
Qeyd edilir ki, Ruslan Ələkbərov 2015-ci il İsmayıllı hadisələrindən sonra vəzifəsindən azad edilmiş sabiq icra başçısı Nizami Ələkbərovun oğludur. Həmin hadisələr zamanı Ələkbərovlar ailəsinin adı ciddi ictimai qalmaqallarda hallanmışdı.

Hazırda ailənin digər üzvləri də müxtəlif strukturlarda fəaliyyət göstərir: Vüqar Ələkbərov “İmprotex” şirkətlər qrupunun vitse-prezidenti, Günel Ələkbərova isə Azərbaycan Turizm Bürosunda sektor müdiri vəzifəsində çalışır.
Cavanşir Həsənlinin paylaşımı bir daha sual doğurur.

Süleyman
Azərbaycanda milyonluq vergi borcu olan şirkət, xaricdə isə milyonluq bizneslər... Bu ziddiyyət necə izah olunur?
Seçilən
4
2
newscenter.az

3Mənbələr