İran çempionatında mübarizə aparan “Traktor” son zamanlarda kluba qarşı olan haqsızlıqlarla bağlı bəyanat yayıb.
Sportinfo.az xəbər verir bu barədə klubun rəsmi hesabında paylaşım edilib.
Klubun sahibi Məhəmmədrza Zənnuzi-Mütləq adından yayılan bəyanatda deyilir: “İran Futbol Federasiyası futboluidarə etmək gücünə malikdir.
Ancaq bu güc yoxdursa, istefa verməlidir. Futbolu idarə edə bilmirsinizsə, kənara çəkilin! Yoxsa, “Traktor” klubunun bu liqada qalması üçün heç bir səbəb olmayacaq.
Ədalətli şəkildə idarə olunması mümkün olmayan bir futbolun ümumiyyətlə dayandırılması daha yaxşıdır. “Traktor” xərc çəkmir ki, bəziləri pis idarəetmə ilə öz mənafelərini təmin etsin, bunun müqabilində isə bizim azarkeşlərimiz etnik şüarların hədəfinə çevrilsin.
Bu şüarlar ya federasiyanın səssizliyi ilə qarşılanır, ya da bəzən onun qurumları tərəfindən görməzdən gəlinir. Bu davranışlar qəbuledilməzdir”.
Bəyanatda həmçinin, qeyd edilib ki, liqada hakimlər də planlı şəkildə hər şeyi “Traktor”un əleyhinə edir: “Bəzi texniki məsələlərdən keçmək olar, amma etnik təhqirlərdən əsla. Nə mən, nə də “Traktor” azarkeşləri bu mövzunu heç vaxt unutmayacağıq.
Təəssüf doğurur ki, bir nəfərə ünvanlanan təhqirə görə “Traktor” cəzalarla üzləşir, amma ötən mövsüm müxtəlif stadionlarda klubun futbolçularına və ən əsası türklərə qarşı etnik təhqirlər səsləndirildi və federasiya heç bir ciddi addım atmadı. Bu ikili yanaşma açıq-aşkar ədalətsizliyin nümunəsidir.
Sözümüz İran Futbol Federasiyasında yer alan hər kəsədir! “Traktor”un İran futboluna yad bir parça olduğunu düşünməsinlər.
Bu cür idarəolunmazlıq, ya istəmədən, ya da bilərəkdən ölkə xalqları arasında parçalanmanı dərinləşdirir. Əgər bu vəziyyəti düzəltmək gücünüz yoxdursa,
məsuliyyəti başqasına verin.Ya bu futbol islah olunacaq, ya da “Traktor” klubu geri çəkiləcək və öz hüquqlarını bərpa etmək üçün hüquqi və beynəlxalq yollarla o cümlədən, FIFA vasitəsilə addımlar atacaq. Bu ölkənin xalqları etnik şüarlardan bezib və artıq bu vəziyyətə dözmək istəmir”.
İran Futbol Federasiyası və İntizam Komitəsi tərəfindən klubun ölkə kubokunda həm ev, həm də səfər oyunlarını azarkeşsiz keçirməsi ilə bağlı qərar qəbul etmişdi. Qərar “Traktor”un Tehran təmsilçisi “Persepolis”ə qarşı keçirilən kubok qarşılaşmasından sonra baş tutmuşdu.
Ötən gün İran çempionatının 15-ci turunda “Traktor” səfərdə “Şəms Azər Qəzvin”in qonağı olub. Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.