AZ

Anar Bağırov: 2025-ci il ərzində VK-nın Rəyasət Heyətinə 893 şikayət daxil olub

Elektron vəkil sorğusu layihəsinin normativ tənzimləmə istiqamətində işlər davam etdirilir və zəruri dəyişikliklərdən sonra sistem istifadəyə veriləcək.

“İki sahil” xəbər verir ki,  bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov "Vəkil Günü" peşə bayramı münasibətilə keçirilən andiçmə və təltifolunma mərasimində deyib. VK sədri rəqəmsallaşma istiqamətində görülən işlərdən danışaraq qeyd edib ki, 2025-ci il dekabrın 12-nə qədər 55 min 576 elektron order və 73 min 34 elektron müqavilə rəsmiləşdirilib: "Rəqəmsallaşma istiqamətində işlər bununla yekunlaşmır. Növbəti mərhələ elektron vəkil sorğusu layihəsidir. Qeyd etmək istərdim ki, layihə ilə bağlı Femida Dialoq Platforması çərçivəsində Ali Məhkəmədə görüş keçirilərkən müzakirələr aparılıb. Hal-hazırda normativ tənzimləmə istiqamətində işlər davam etdirilir və zəruri dəyişikliklərdən sonra sistem istifadəyə veriləcək".

Onun sözlərinə görə, 2025-ci il ərzində Kollegiya tərəfindən 50-dən çox normativ hüquqi akt layihəsinə rəy və təkliflər təqdim edilib:

"Vəkillər Kollegiyası il ərzində 26 iş üzrə mütəxəssis mülahizəsi təqdim edib. Eyni zamanda, Vəkillər Kollegiyası tərəfindən qurumumuzun müasirləşdirilməsi istiqamətində mühüm addımlar da atılıb. Ölkədə artıq analoji büroların 4-cüsü olan Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılışı xüsusi qeyd olunmalıdır".

A.Bağırov qeyd edib ki, 2025-ci il ərzində VK-nın Rəyasət Heyətinə 893 şikayət daxil olub, aparılan intizam icraatları nəticəsində 148 qərar qəbul edilib:

"Eyni zamanda, 103 təlim təşkil edilib, bu təlimlərdə əksər vəkillərimiz iştirak edib. Cari ildə "Azərbaycan Vəkili" elmi-praktik hüquq jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ölkədə məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil olunub. Həmçinin Kollegiya tərəfindən "Konsitusiya və suverenlik" ilinə həsr olunan "Vəkillik fəaliyyəti" adlı dərslik çap olunur. Vəsait gələn il təqdim ediləcək".

VK sədri onu da vurğulayıb ki, cari il ərzində 10 mindən çox vətəndaş pulsuz hüquqi yardımdan faydalanıb:

"Milli Məclisin sədri Sahibə Qafarova başda olmaqla, 42 deputatın təşəbbüsü ilə pulsuz hüquqi yardım aksiyaları keçirilib. Onlardan 9-u Bakıda, 33-ü isə regionlarda təşkil edilib. Keçirilən 42 aksiyada 1000-ə yaxın vətəndaşa pulsuz hüquqi yardım göstərilib".

Seçilən
3
1
ikisahil.az

2Mənbələr