AZ

Ucuz ev ancaq arzudur? 

Son dövrlər xarici investorların daşınmaz əmlaka marağının xeyli azalması əmlak bazarında qiymətlərin uzun müddət yüksək səviyyədə saxlanmasını mümkünsüz edir.

Tələb azaldığından, bazarda qiymətlərin əvvəlki səviyyədə qalması çətinləşir. İnsanlar daha az ev alır, bu isə satıcıların qiymətləri aşağı salmaq məcburiyyətində qalmasına gətirib çıxarır. Bəzi mütəxəssislərin hesablamalarına görə, bu proses davam edərsə, növbəti 1–2 il ərzində əmlak bazarında qiymətlərin düşəcəyi ehtimal olunur.

Xüsusilə yeni tikililər real qiymətindən xeyli baha satılırsa, onların qiymətində ciddi endirimlər gözlənilir. Bu isə bazarda artıq köhnə yüksək qiymətlərin davam etməyəcəyini göstərir. Hazırkı vəziyyətdən aydın olur ki, bazarda qiymətlərin reallığa uyğunlaşması qaçılmazdır. Satıcılar qiymətləri yenidən nəzərdən keçirməyə məcbur olacaq, alıcılar isə daha sərfəli şərtlərlə ev ala biləcəklər.

Xarici investorların Azərbaycan daşınmaz əmlak bazarına marağının azalmasının əsas səbəbləri nələrdir? Əmlak bazarında qiymətlərin ucuzlaşması gözlənilirmi? 

Mövzu ilə bağlı “Cümhuriyət” qəzetinə açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, əvvəlcə investorların kimlər olduğu aydın şəkildə müəyyənləşdirilməlidir:

“ Azərbaycanda daşınmaz əmlak sektoruna ən çox investisiya edən xarici seqment əsasən Rusiya Federasiyasında yaşayan azərbaycanlılar olub. Xüsusilə vətəndaşlığını dəyişərək Rusiya vətəndaşlığı alan azərbaycanlılar Bakı, Gəncə və digər böyük şəhərlərdə, eləcə də əvvəllər yaşadıqları bölgələrdə əmlak alıblar. Bu investor axınının ən intensiv dövrü 2023-cü ilə qədər müşahidə olunub. Səbəb isə Rusiya və Ukrayna arasında yaranmış hərbi vəziyyət idi.

Lakin son illər Rusiyada iqtisadi durumun əvvəlki qədər əlverişli olmaması nəticəsində Rusiyadan gələn investorların sayı dəfələrlə azalıb. Digər bir mühüm investor seqmenti İran vətəndaşları idi. İranda mövcud olan hərbi, siyasi və sosial problemlər Azərbaycanı onlar üçün münasib bazara çevirirdi. Bu baxımdan, iranlı investorlar daşınmaz əmlak bazarında ikinci yerdə qərarlaşıb”. 

Onun sözlərinə görə, üçüncü yerdə isə vaxtilə Azərbaycandan köç etmiş israilli əsilli yəhudilər dayanır:

“Onlar əsasən Azərbaycandakı köklərinə görə bu bazara üstünlük veriblər. Avropalı və amerikalı investorların sayı isə olduqca az olub. Bu şəxslər də əsasən Azərbaycanla hər hansı şəxsi və ya tarixi bağları olduğu üçün ölkədə daşınmaz əmlak sektoruna investisiya ediblər. Ümumilikdə böyük həcmli xarici investorların Azərbaycana axını olmayıb və bu pay ümumi daşınmaz əmlak bazarının 0,1 % belə təşkil etməyib. Əksinə, son dövrlər ölkədə populyarlaşan “Sea Breeze” layihəsinə xarici investorlardan daha çox maraq yönəlib.

Hazırda turizmin inkişafı ilə əlaqədar həmin istiqamətə yönələn investisiyaların sayı az deyil. Əslində, təbii qiymət artımı xarici investorlar üçün müsbət göstəricidir. Azərbaycanda daşınmaz əmlakın qiyməti ilbəil artır və bunu təsdiqləyən faktlar mövcuddur. Bu da investorlar üçün əlverişli mühit deməkdir. Məsələn, Sea Breeze layihəsini nümunə göstərsək, bir il əvvəl alınmış əmlakların qiymətində orta hesabla 15 % artım qeydə alınıb ki, bu da yaxşı göstəricidir”. 

Ekspert qeyd edib ki, 2001-ci ildən bu günə qədər Bakı şəhərində daşınmaz əmlakın əsas qiymət artımı ümumilikdə 70 faizdən yuxarıdır:

“Ən yüksək artım isə 2022–2023-cü illərdə baş verib və bu göstərici təxminən 20 % civarında olub. Gələcəkdə turizmin daha da inkişaf etməsi işğaldan azad olunmuş ərazilərdə daşınmaz əmlak və turizm sahəsinə, eləcə də digər kommersiya obyektlərinə investisiyalar üçün əlverişli mühit yarada bilər. Bu da nəticə etibarilə Azərbaycanda xarici investorların həcminin tədricən artmasına səbəb olar. Nəzərə alsaq ki, ölkəyə kifayət qədər çox turist gəlir, bu potensial real görünür.

Mövsüm dövründə Azərbaycana daxil olan turistlərin sayı təxminən 230–270 min arasında dəyişir. Bu göstərici əsasən yay mövsümündə müşahidə olunur, qış mövsümündə isə azalır. 2025-ci ilin dekabr ayı tam nəzərə alınmasa belə, ölkəyə 2 milyon 364 min turist daxil olub. İl üzrə ümumi göstərici isə təxminən 2 milyon 500 min turist təşkil edir. Hazırkı mərhələdə xarici investorların payı böyük olmasa da, qiymət artımı və turizmin inkişafı gələcəkdə bu marağın tədricən artacağını göstərir”. 

Seçilən
24
1
cebheinfo.az

2Mənbələr