AZ

"Euronews"da İDEA-nın fəaliyyətinə həsr olunmuş "Təbiətin müzakirələrə deyil, real addımlara ehtiyacı var" adlı reportaj yayımlanıb

Dünyada biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi və ekoloji təzyiqlər getdikcə dərinləşir. Bu çağırışlar fonunda Azərbaycan ətraf mühitin qorunması və təbii sərvətlərin gələcək nəsillər üçün saxlanılması istiqamətində ardıcıl addımlar atır. Euronews kanalında yayımlanan "Təbiətin müzakirələrə deyil, real addımlara ehtiyacı var" adlı video materialda bu səylərin mərkəzində İDEA – Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin fəaliyyəti dayanır.

Aznews.az xəbər verir ki, video materialda vurğulanır ki, bu gün ekoloji problemlər təkcə bir ölkənin deyil, bütün bəşəriyyətin məsuliyyətidir. “Dünyada biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi və digər ekoloji problemlər çoxdur. Artıq danışmaq yox, hərəkətə keçmək vaxtıdır. Bizim gördüyümüz işlər özümüz üçün deyil, dünya, təbiət və gələcək nəsillər üçündür”, – deyə süjetdə qeyd olunur.

İDEA-nın konkret nəticə verən təşəbbüslərindən biri Qafqaz bizonunun reintroduksiyası layihəsidir. 2018-ci ildə başlanan bu layihə üçün İsmayıllı rayonu seçilib. Avropanın müxtəlif zooparklarında saxlanılan və Qafqaz dağ bizonuna məxsus genetik xüsusiyyətləri qoruyan fərdlər Azərbaycana gətirilib və təbii mühitə buraxılıb.

Video materialda bildirilir ki, bu gün həmin bizonlar artıq vəhşi təbiətdə yaşayır, yay aylarında alp zonasında otlayır, qış mövsümündə isə meşəlik ərazilərə enərək təbii dövrana uyğun həyat sürürlər. Bu, yalnız nadir bir növün bərpası deyil, həm də bütöv bir ekosistemin canlandırılması deməkdir.

Euronews süjetində İDEA-nın fəaliyyətinin yalnız quru ekosistemləri ilə məhdudlaşmadığı, Xəzər dənizinin mühafizəsinin də əsas istiqamətlərdən biri olduğu vurğulanır. Xüsusilə makroplastik çirklənmə Xəzər üçün ciddi təhlükə olaraq qalır.

“Plastik tullantıların böyük hissəsi digər ölkələrdən dəniz axınları vasitəsilə Xəzər sahillərinə gəlib çıxır”, – deyə videoda qeyd olunur. Bu təhlükəyə qarşı İDEA-nın təşəbbüsü ilə sahilyanı ərazilərdə təmizlik aksiyaları keçirilir, ictimai maarifləndirmə və beynəlxalq əməkdaşlıq gücləndirilir.

Video materialın əsas hissələrindən biri Leyla Əliyevanın müsahibəsidir. O, İDEA-nın yaranma fəlsəfəsini və məqsədlərini belə izah edir:

“İDEA Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab vermək məqsədilə yaradılıb. Biz ilk gündən başa düşürdük ki, ekologiya yalnız növlərin qorunması və ya iqlim məsələləri deyil. Bu, bizim həyat tərzimiz, mədəniyyətimiz və hər birimizin ətraf mühitə təsiri ilə bağlıdır”.

Leyla Əliyeva qeyd edir ki, bir çox ölkələrdə təbiət qoruqları azaldığı halda, Azərbaycan əksinə, qorunan ərazilərin həcmini artırır:

“Təəssüf ki, bir çox ölkələr öz təbii ehtiyatlarını itirir. Azərbaycan isə qorunan ərazilərini genişləndirir. Son illərdə iki yeni milli park yaradılıb, digərləri isə böyüdülüb”.

Onun sözlərinə görə, yaxın perspektivdə Qarabağ Milli Parkının yaradılması planlaşdırılır ki, bu da ölkə ərazisinin təxminən 30 faizinin xüsusi mühafizə altında olması deməkdir.

Seçilən
12
9
aznews.az

10Mənbələr