Bəylər Eyyubovun bu günlərdə həbs olunan qardaşı oğlu Ruslan Eyyubovun Türkiyədə bir neçə şirkətə sahib olduğu bildirilir.
NOCOMMENT.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün sosial media hesabında paylaşıb.
Onun sözlərinə görə, Ruslan Eyyubov aşağıdakı şirkətlərin təsisçisi və ya ortağıdır:
Nebioğlu Gayrimenkul Turizm İnşaat Sanayi ve Dış Ticaret Limited şirketi;
RAR Grup Petrol Ürünleri Sanayi ve Ticaret Anonim Şirketi;
NEGRUP Petrol Kimyasal Ürünler Sanayi ve Ticaret Limited Şirketi.
Qeyd edək ki, iş adamı olan Ruslan Eyyubov 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində dekabrın 23-də saxlanılıb.
Ruslan Eyyubov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 206.4 (Xüsusilə külli miqdarda qaçaqmalçılıq), 193-cü (Yalançı sahibkarlıq), 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə) maddələri ilə ittiham edilir.
Məhkəmənin qərarı ilə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bu günlərdə yerli mediada Ruslan Eyyubovun dəbdəbəli villası ilə bağlı xəbər yayıldı. Villanın 15 hektar olduğu bildirildi.