32 ildir məskunlaşdıqları yataqxanadan çıxarılırlar.
Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Nizami rayonu Məmmədəli Şərifli küçəsində, Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyin xüsusi mülkiyyətində olan 9 mərtəbəli yataqxanada məskunlaşan keçmiş məcburi köçkünlərdən gedir.
Onların sözlərinə görə, bina boşaldılır, amma alternativ yaşayış yeri təklif olunmur, hansıki binada 45 məcburi köçkün ailəsi məskunlaşıb.
Keçmiş məcburi köçkünlər bildirirlər ki, eyni binada yaşayan eşitmə qabiliyyətini itirmiş şəxslər mərhələli şəkildə mənzillərlə təmin edilirlər, özləri isə bu prosesdən kənarda qalıblar.
Sakinlər onu da əlavə etdilər ki, bina yayda təmir edilib, fasadı dəyişdirilib. Yəni yaşayış üçün əlverişlidir.
Sakinlər onu da deyirlər ki, Qaçqınların və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət ediblər. Lakin indiyədək onlara rəsmi şəkildə mənzil təklif olunmayıb. İctimai birlik isə sakinlərin binadan çıxması üçün onları məhkəməyə verib.
Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin hüquqşünası Ramal Ağayev bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin həmin binanın yararsız olması ilə bağlı aktı var. Bu səbəbdən də sakinlərin təcili çıxarılması qərarı verilib.
Nizami Rayon İcra Hakimiyyətindən də məsələyə münasibət öyrənməyə çalışdıq. Bildirildi ki, bu məsələnin onlara aidiyyəti yoxdur. "Keçmiş məcburi köçkünlər ya yenidən Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinə, ya da məhkəməyə müraciət edə bilərlər",- deyə İcra Hakimiyyətindən bildirildi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.