Paytaxtda nəqliyyat sıxlığının artması fonunda Bakı–Sumqayıt, Bakı–Pirallahı və Bakı–Zirə istiqamətləri üzrə dəniz nəqliyyatının mümkünlüyü yenidən müzakirə mövzusuna çevrilib. Maraqlıdır, bu marşrutlar real alternativ ola bilərmi, yoxsa dəniz daşımaları Bakı üçün yalnız nəzəri və turistik xarakter daşıyır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, dəniz daşımaları birbaşa hava şəraitindən asılı olduğu üçün stabil nəqliyyat növü sayıla bilməz. Onun sözlərinə görə, bu qeyri-sabitlik daşımalarda fasilələr yaradacaq və nəticədə qiymətlərə, eləcə də ümumi effektivliyə mənfi təsir göstərəcək:
“Dəniz nəqliyyatı daima subsidiya tələb edəcək. Hətta bu subsidiyalar zamanla daha da artacaq. Çünki sürət aşağıdır və bu da sərnişinlər üçün zaman baxımından əlverişli deyil”.
Ekspert qeyd edib ki, Bakı–Sumqayıt marşrutu üzrə dəniz yolu ilə hərəkət təxminən 5–7 saat çəkə bilər. Halbuki hazırda dəmir yolu ilə bu məsafəni 40 dəqiqəyə qət etmək mümkündür. Rauf Ağamirzəyevin fikrincə, əsas diqqət dəniz daşımalarına yox, mövcud quru nəqliyyatının təkmilləşdirilməsinə yönəldilməlidir:
“Dəmir yolunda sərnişin və yük trafikini ayırmaq, intensivliyi artırmaq lazımdır. Bakı–Sumqayıt dəmir yolu faktiki olaraq yerüstü metro kimi səhər saat 6-dan gecə 12-yə qədər, 15–20 dəqiqəlik intervalla işləməlidir”.
Bakı–Pirallahı və Bakı–Zirə marşrutlarına da toxunan ekspert bildirib ki, bu istiqamətlərdə sərnişin axını kifayət qədər deyil. Bundan əlavə, həmin ərazilərdə neft-daşları zonaları mövcuddur və bu da dəniz marşrutlarının uzanmasına səbəb olur:
“Dənizdə hərəkət üçün xüsusi zolaqlar ayrılıb. Bu isə marşrutun daha da dolanbac olmasına gətirib çıxarır. Üstəlik, hava amili burada da əsas risk faktorudur”.
Rauf Ağamirzəyev hesab edir ki, Bakıda nəqliyyat yükünün əsas hissəsini metro, dəmir yolu və tramvay kimi quru nəqliyyatı vasitələri daşımalıdır. Onun sözlərinə görə, paytaxt böyüdükcə ictimai nəqliyyatın üzərinə düşən yük də artır və bu yükü yalnız davamlı investisiyalar hesabına azaltmaq mümkündür.
Ekspert sonda əlavə edib ki, dəniz nəqliyyatı Bakıda yalnız mövsümi və turistik marşrutlar üçün uyğun ola bilər. Bu sahədə təşəbbüslər daha çox özəl biznes tərəfindən reallaşdırılar. Dövlət səviyyəsində isə prioritet yeraltı və yerüstü quru nəqliyyatının inkişafı olmalıdır.
Aynurə İsmayıl
KONKRET.az
