Tədqiqatçı siyasətşünas -alim, yazıçı-publisist Elşən Nəsibovun "Mənim "Hema Malinim"" adlanan bədii əsəri çapdan çıxıb. Əsər sevgidən, eşq və məhəbbətdən bəhs edən bir romandır. Əsərin əsas qəhrəmanları Xuraman Azərgün və Şahin Səlimovdur. Xuraman ilk baxışdan Şahinə aşiq olur, görən andan ona qəlbən vurulur. Şahin də Xuramanı dərindən sevməyə başlayır. Aralarında gözlənilməz məhəbbət yaşanır. Bu eşq platonikdir, "laldır", yalnız qəlblərdə sakit-sakit, öz saflığı ilə yaşayır. Ancaq sakit yaşamağına baxmayaraq, öz işini görür. Qəlbləri hərdən cuşa gətirir. Düşüncələrdə çaşqınlıq yaradaraq, alt-üst edir. Tərəfləri çıxılmaz vəziyyətə salır. Onlar düçar olduqları azardan, mübtəla olduqları gözlənilməz, birdən-birə yaranan eşq bəlasından ruhən əziyyət çəkirlər. Psixoloji sarsıntı yaşayırlar. Şahinin evli olması və dörd uşağa sahibliyi Xuramanı ümidsizliyə qapadıb. Xuraman sevdiyi şəxsin evliliyi barədə məlumat əldə edib və xəbər onu dərindən sarsıdıb. Məhəbbətin ülvi olmayacağını duyur. Hərdən öz hərəkətlərindən peşmançılıq hissi keçirdir. Şahin öz sevdiyi xanımı zahirən məşhur Hind aktrisası Hema Maliniyə bənzədir və ona "Mənim Hema Malinim" adını verib. Xanımı hədsiz dərəcədə sevir. Onlar ailə qura bilmirlər. Bu, qeyri-mümkündür. Heç real da görünmür. Belə ki, Xuraman Azərgün həyat yoldaşını avtomobil qəzasında itirib. İki uşaq anasıdır. Yenidən ailə qurmaq istəyir. İlk baxışdan aşiq olduğu Şahini özünə həyat yoldaşı görür və ona ərə getmək istəyindədir. Lakin Şahinin evliliyi Xuramanın istəyinə mane olur. Arzusunu ürəyində qoyur. Ümidsizliyə qapılıb. Ortada yalnız sonu olmayan nakam eşq var. Çünki Şahin üçün də Xuramanla ailə həyatı qurmaq əlçatmaz bir istəkdir. O, öz ailəsini müqəddəs hesab edir. Baş qaldırmış hissləri ilə ağlı arasında uyğunsuzluq yaranıb. Lakin Şahin reallığı təhlil edir və hər zaman ağlı duyğuların üzərində qalib edir. Sevdiyi xanımla yaxınlıqdan çəkinir. Ancaq ona vəziyyətdən çıxmaq üçün daim dəstək olur. Məhəbbət bir neçə ay davam edir. Nəhayət aralarında yaşanan platonik məhəbbət sonradan əbədi dostluğa çevrilir. Belə ki, idarədə gözlənilməz hadisə baş verir. Şahin Səlimovun həyatına kənardan sui-qəsd təşkil olunur. Sui-qəsdin qarşısını almaq üçün Xuraman Azərgün özünü dərindən sevdiyi Şahin Səlimova açılan atəşin qabağına verir. Bu, hər iki sevgilini yaralayır. Ancaq xoşbəxtlikdən sağ qalırlar. Bu hadisə cəmiyyətdə, ailələr arasında geniş rezonans doğurur, məhəbbətin üstü açılır. Hadisə hər ikisinin eşqini onların əbədi ailəli dostluğuna çevirir.
Əsər öz məzmununa görə dram və romantikadan ibarətdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31