AZ

AZAL təyyarəsi Qroznı üzərində vurulub -beynəlxalq yekun rəy digər ehtimalları istisna edir

Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür. Dünən, faciəvi hadisənin ildönümü günü Qazaxıstan Nəqliyyat Nazirliyi aparılan araşdırma ilə bağlı aralıq məlumatını açıqlayıb. Məlumata görə, araşdırma Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Azərbaycan, Braziliya (təyyarəni istehsal edən) və Rusiya nümayəndələrinin iştirakı ilə aparılır.

Aralıq məlumata, eləcə də Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ümumi rəyinə əsasən, təyyarə idarəetməni hər hansı texniki nasazlıq səbəbindən deyil, xarici müdaxilə nəticəsində itirərək qəzaya uğrayıb. Bu da təyyarənin vurulduğunu bir daha təsdiq edib.

Qeyd olunur ki, aparılan ekspertiza nəticələrinə əsasən, təyyarənin göyərtəsində partlayıcı maddə izləri aşkar edilməyib. Tədqiqat üçün təqdim edilmiş üç oksigen balonunda isə partlayış izləri yoxdur.

Aralıq rəyə əsasən, hava gəmisini zədələmiş kənar metal obyektlər silah sisteminə aid döyüş başlığının hissəcikləridir. Hidravlik sistem №2-nin boru hissəsinin trasoloji ekspertizası da xarici müdaxiləni göstərir. Araşdırma nəticəsində borunun mexanizmi bərk əşyalarla təmas nəticəsində zədələndiyi müəyyən edilib. Deşik zədələr dəmir əsaslı metal ərintisindən hazırlanmış metal fraqmentləri (xarici obyektlər) tərəfindən yaradılıb.

Məlumat üçün bildərk ki, növbəti mərhələdə Qazaxıstan tərəfi tamamlanmış araşdırmanın nəticələrini əks etdirən yekun hesabatın mətnini ictimaiyyətə təqdim etməlidir. Aralıq məlumatdan fərqli olaraq, yekun hesabat daha ətraflı olmalı, işin araşdırılması ilə bağlı aşkar edilmiş bütün faktiki məlumatları, qəzanın səbəblərinin təhlilini və gələcəkdə bu cür qəzaların qarşısının alınması üçün tövsiyələri əks etdirməlidir.

Göründüyü kimi Qazaxıstan tərəfinin yaydığı hesabatdan, Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ümumi rəyindən də görünür ki, təyyarə hər hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə, konkret olaraq vurulma nəticəsində idarəetməni itirib və qəzaya uğrayıb.

Xatırladaq ki, təyyarədə ümumilikdə 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42 nəfəri Azərbaycan vətəndaşıdır (37 sərnişin, 5 ekipaj üzvü), 16 nəfəri Rusiya, 6 nəfəri Qazaxıstan, 3 nəfəri isə Qırğızıstan vətəndaşıdır. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Aviaqəza zamanı hava gəmisinin komandiri İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və stüardessa Hökmə Əliyeva həyatını itirib.

Seçilən
13
1
ikisahil.az

2Mənbələr