AZ

Attestatla universitetə qəbul riskli nəticələr yaradır -TKTA sədrindən AÇIQLAMA

"Attestatla ali təhsil müəssisəsinə qəbul olan, heç bir qiymətləndirmə mərhələsindən keçməyən şəxslərin sonrakı təhsil və peşə taleyi əksər hallarda mənfi olur".

Redaktor.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirilən “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2025-ci ilin yekunlarına dair” brifinqdə bildirib.

Onun sözlərinə görə, bu şəxslər arasında uğursuzluq faizi kifayət qədər yüksəkdir:

“Onların bir qismi nə təhsil aldığı ali məktəbin tədris dili, nə də ixtisasının tam adını düzgün şəkildə ifadə edə bilir. Türkiyədə, eləcə də ona yaxın coğrafiyada - Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrdə attestatla qəbul həyata keçirən ali təhsil müəssisələri mövcuddur. Bu, mərkəzləşdirilmiş imtahanlarda uğur qazanmayan vətəndaşlarımız üçün müəyyən imkanlar yaradır. Lakin biz bu diplomların hamısını birmənalı şəkildə tanınır və ya tanınmır deyə qiymətləndirə bilmərik.

Qanunvericilikdə attestatla qəbul olunan şəxsin diplomunun tanınmaması ilə bağlı konkret bir müddəa yoxdur. Burada əsas və birinci şərt qəbul olunan ali təhsil müəssisəsinin akkreditasiyadan keçmiş olmasıdır. Yəni ilkin olaraq universitetin rəsmi akkreditasiyası olmalıdır", - deyə Tural Əhmədov vurğulayıb.

Aytəkin TOFİQQIZI

Seçilən
49
11
redaktor.az

10Mənbələr