"Cənab Prezidentin Ağdam səfəri və səfər zamanı çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi dirçəliş və bərpa siyasətinin mühüm göstəricisidir".
Bunu Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, Ağdamda yeni yaşayış komplekslərinin açılışı və sakinlərlə görüş zamanı dövlət başçısı əsas diqqəti insanların doğma şəhərlərinə təhlükəsiz və rahat şəkildə qayıtmasına yönəltdi:
"Bu çıxış həm daxili auditoriyaya — vətəndaşlara dövlətin qoruyucu və dəstəkləyici rolu barədə mesaj, həm də xarici izləyicilər üçün Azərbaycanın regiondakı güc və suverenlik mövqeyini nümayiş etdirdi".
Politoloqun sözlərinə görə, prezident Əliyev işğal dövründə Ağdamın demək olar ki, tamamilə dağıdıldığını, insanların məcburi köçkün vəziyyətinə düşdüyünü və tarixi-mədəni irsin məhv edildiyini xatırladaraq tarixi ədalətin bərpası məsələsinə diqqət çəkdi:
"Bu vurğu Azərbaycanın həm tarixi haqqını bərpa etdiyini, həm də ərazilərində suverenliyini möhkəmləndirdiyini göstərir. Həmçinin çıxışda beynəlxalq təşkilatların və bəzi güc mərkəzlərinin konfliktlə bağlı balanssız yanaşmaları qeyd olunaraq, Azərbaycanın öz maraqlarını qorumaqda və sülh prosesində lider mövqe göstərməkdə israrlı olduğu vurğulandı".
Süleyman