AZ

"Qarabağ yeni iqtisadi zonaya çevrilir" - MÖVQE

"Azərbaycan Respublikasının Prezidentinin 2025-ci ilin sonunda Qarabağa səfəri, xüsusilə də Xankəndi və Ağdamda keçirilən açılışlar və çıxışlar həm Azərbaycan, həm də dünya üçün mühüm əhəmiyyət daşıyırdı". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Bu hadisə Azərbaycan üçün çox sevindirici və qürurverici bir haldır. Qarabağ müstəvisində müxtəlif infrastruktur layihələrinin açılması, Prezidentin bu bölgəyə xüsusi diqqət yetirməsi göstərir ki, Qarabağın gələcəkdə iqtisadi və sənaye zonasına çevrilməsi üçün ciddi planlar mövcuddur.

Bu, “Böyük Qayıdış” planının təkcə insanların öz doğma yurdlarına qayıtması ilə kifayətlənmədiyini, eyni zamanda həmin ərazilərin regional və milli səviyyədə inkişaf etmiş iqtisadi zonalara çevrilməsinin də əsas hədəf olduğunu göstərir. Prezidentin Ağdamla bağlı “Ağdam Azərbaycanın dördüncü sənaye şəhəri olacaq” fikri də məhz bu məqsədləri əks etdirir.

Artıq Ağdamda sənaye texnologiya parkı fəaliyyət göstərir və orada istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə dünya bazarına çıxarılır. Bu da o deməkdir ki, Ağdamda istehsal olunan məhsullar Qarabağ məhsulu kimi qürurla təqdim edilir və qəbul olunur. Xankəndi və Ağdam kimi ərazilər Prezidentin səfərlərində xüsusi əhəmiyyət daşıyır. Xankəndi əvvəllər separatçıların yuvası olmuş bir məkan idi, bu gün isə orada sabitliyin, inkişafın və təhsilin əsası qoyulur. Ağdam isə əvvəllər xarabalığa çevrilmiş bir şəhər olduğu halda, bu gün yenidən dirçəlir. Bütün bu addımlar Azərbaycan Prezidentinin rəhbərliyi ilə torpaqlara Böyük Qayıdışın, həmin ərazilərin bərpasının və davamlı inkişafının real nümunəsidir.

Qayıdışdan öncə, əlbəttə ki, infrastrukturun, iş yerlərinin, sosial obyektlərin və yaşayış üçün bütün zəruri şəraitin yaradılması vacibdir və bu sahədə artıq mühüm addımlar atılır".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
2
1
sia.az

2Mənbələr