AZ

Azərbaycanın ədalət mübarizəsi: güclü iradə, siyasi addımlar...

Qələbəmiz 30 illik haqsızlığa verilən prinsipial cavabdır

Yerləşdiyi regionun lider dövləti kimi qəbul edilən Azərbaycan artıq qlobal miqyasda aparıcı siyasi aktor statusu qazanıb. 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Qələbə təkcə ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmədi, eyni zamanda, regionda mövcud olan və illərlə formalaşdırılmış süni, ədalətsiz siyasi reallıqları kökündən dəyişdi. Azərbaycan bu Qələbə ilə həm də beynəlxalq münasibətlər sistemində öz yerini yenidən müəyyənləşdirdi. Uzun illər ərzində erməni işğalına məruz qalan, yüz minlərlə vətəndaşı qaçqın və məcburi köçkün həyatı yaşayan bir dövlət olaraq Azərbaycan beynəlxalq tribunlardan haqq səsini ucaldır, ədalətin bərpasını tələb edirdi. Lakin bu çağırışlar çox zaman ya eşidilmirdi, ya da qəsdən diqqətdən kənarda qalırdı.

30 il ərzində cəmi bir neçə dövlət Azərbaycanın mövqeyini açıq şəkildə müdafiə edib - digər tərəfdən isə bir sıra böyük güclər və beynəlxalq təşkilatlar məsələni ya “status-kvo”nun saxlanılması adı altında dondurmağa çalışır, ya da prosesə selektiv yanaşma nümayiş etdirirdilər. Bu, beynəlxalq hüququn mahiyyətinə, dövlətlərin suverenliyinə və ədalət prinsipinə zidd bir yanaşma idi. Məhz buna görə də Azərbaycan bu gün yaxşı bilir ki, kim həqiqi dostdur, kim isə maraqlar naminə susmağı və ya ikili standartları üstün tutur. Bu reallıq uzaq tarix deyil - bu, yaxın keçmişin acı, lakin dərsverici təcrübəsidir. Prezident İlham Əliyev dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı zamanı oraya köçən sakinlərlə görüşündə bildirib ki, çiz bilirik bizim dostumuz kim olub, düşmənlərimiz kim olub: “Əfsuslar olsun ki, düşmənlərimiz dostlarımızdan bir neçə dəfə çox olub. Amma bu gün bizim güclü iradəmiz, siyasi addımlarımız, Silahlı Qüvvələrimizin güclü olması artıq tamamilə yeni mənzərəni ortaya qoyur”.

İşğala selektiv yanaşma və beynəlxalq riyakarlıq

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı açıq-aşkar hərbi təcavüz, beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasını tələb etsə də, bu sənədlər kağız üzərində qaldı. Əslində isə beynəlxalq ictimaiyyətin passivliyi, daha doğrusu, məqsədli fəaliyyətsizliyi işğalın 30 il davam etməsinə zəmin yaratdı. Ən böyük ədalətsizlik isə ondan ibarət idi ki, bu gün başqa regionlarda baş verən münaqişələrə dərhal reaksiya verən, sanksiyalar tətbiq edən, hərbi və iqtisadi təzyiq mexanizmlərini işə salan dövlətlər Azərbaycan məsələsində eyni prinsipiallığı nümayiş etdirmirdilər. Ermənistanın işğalçılıq siyasəti sadəcə “qınanır”, lakin bu qınaqlar real nəticə doğurmurdu. Nə sanksiya tətbiq edilirdi, nə də qətnamələrin icrası üçün mexanizm yaradılırdı. Dövlət başçısı çıxışında vurğulayıb ki, bizim xalqımız böyük fəlakətlə üz-üzə qalmışdı: “Amma bütün belə hallar olduğu vaxtda beynəlxalq təşkilatlar, böyük dövlətlər və müxtəlif ölkələrin siyasi dairələri bu işğalı qınayır, işğalçını məcbur etmək üçün müxtəlif üsullardan istifadə edir, sanksiyalar tətbiq edir. Bunu biz görürük, indi yaxın tariximiz bunu göstərir. Ermənistan-Azərbaycan müharibəsi zamanı və müharibədən sonra atəşkəs dövründə beynəlxalq təşkilatlar düzgün qərar qəbul etsələr də, bu qərarların icrası üçün bir addım belə atmayıblar. Bax, bu təşkilatların, böyük dövlətlərin riyakarlığı, necə deyərlər, özünü burada bariz şəkildə göstərir”.

Bu yanaşma isə beynəlxalq hüququn universallığı prinsipini sual altına qoydu. Əgər hüquq yalnız güclü dövlətlərin maraqlarına uyğun hallarda işləyirsə, bu artıq hüquq deyil, siyasi alətdir. Azərbaycan bu riyakarlığı açıq şəkildə gördü və nəticədə anladı ki, ədalət yalnız sözlə deyil, güclü dövlət iradəsi ilə təmin olunur. Vətən müharibəsində qazanılan Qələbə də məhz bu ədalətsizliyə verilən tarixi cavab oldu.

Türkiyə və başqa müsəlman dövlətləri Azərbaycanın yanında oldular

Azərbaycanın haqq mübarizəsində daim yanında olan dövlətlərdən biri və birincisi Türkiyə olub. “Bir millət, iki dövlət” prinsipi təkcə şüar deyil, real siyasi və strateji müttəfiqliyin ifadəsidir. Türkiyə 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib və bu mövqeyindən bir an belə geri çəkilməyib. Türkiyənin xarici siyasət prioritetlərində Qarabağ məsələsi hər zaman xüsusi yer tutub. Ankara beynəlxalq platformalarda Azərbaycanın mövqeyini müdafiə edib, erməni işğalını açıq şəkildə təcavüz kimi qiymətləndirib. Xüsusilə Vətən müharibəsi dövründə Türkiyənin siyasi, diplomatik və mənəvi dəstəyi Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyırdı.

Ölkəmizə dəstək olan dövlətlər sırasında müsləman dövlətlərinin də adlarını çəkməliyik - bu dəstək bizim qələbəmiz üçün də böyük mənəvi simvolizmə malik idi. Prezident bildirib ki, bizim yanımızda olan tək ölkə Türkiyə idi: “Buna görə biz türk qardaşlarımıza minnətdarıq, həm işğal dövründə, həm müharibə dövründə bizə daim siyasi və mənəvi dəstək vermişdir. Müsəlman ölkələri. Onlar İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bizim təkliflərimizə həmişə müsbət reaksiya verərək, lazım olan qərar və qətnamələri qəbul etmişdilər”.

Qadağan edilmiş “İsgəndər M” ballistik raketi Ermənistana necə verilib?

İşğal illərində Ermənistanın hərbi potensialının sürətlə artması ciddi və haqlı suallar doğururdu. İqtisadiyyatı zəif, dövlət büdcəsi əsasən xarici yardımlar hesabına formalaşan bir ölkənin milyardlarla dollar dəyərində silah arsenalına malik olması təsadüfi deyildi. Bu, Ermənistanın arxasında müəyyən dövlətlərin məqsədli şəkildə dayandığını açıq şəkildə göstərirdi. Ermənistana illər ərzində həm maliyyə, həm də silah yardımları edilib. Üstəlik, beynəlxalq müqavilələrlə ixracı qadağan olunan silahların belə bu ölkəyə verilməsi faktları mövcud idi. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın şəhər və kəndlərinə atılan ballistik raketlər bunu bir daha sübut etdi. Mülki əhalinin hədəfə alınması, dinc insanların həyatına qəsd edilməsi bu silahların kimlərin razılığı ilə verildiyini açıq sual altına qoydu. Prezident İlham Əliyev deyib ki, bizim həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı nəticəsində Ermənistandan qənimət kimi götürdüyümüz və məhv etdiyimiz silahların pul dəyəri təqribən 5-6 milyard dollardır: “Bunların dağılmış bəzi nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o cümlədən “İsgəndər M” ballistik raketi, hansı ki, ümumiyyətlə, Ermənistanda olmamalı idi. Çünki “İsgəndər M” raketinin ixracı qadağandır. Əgər belə demək mümkündürsə, ixraca açıq olan “İsgəndər E”, yəni eksport növüdür. “İsgəndər M” raketi necə Şuşaya zərbə endirdi? Elə bu, böyük sualdır”.

Yeni gələcək qurmaq üçün...

Bu gün isə Azərbaycan regionda tamamilə yeni siyasi, iqtisadi və hərbi reallıqlar formalaşdırıb. Ölkəmiz artıq proseslərin obyektinə deyil, subyektinə çevrilib. Azərbaycan öz gücünə, xalqının iradəsinə və ordusunun qüdrətinə arxalanaraq tarixi ədaləti bərpa etdi. Bu Qələbə təkcə bir müharibənin nəticəsi deyil, 30 illik haqsızlığa verilən prinsipial cavabdır. Azərbaycanın yaratdığı yeni situasiya bölgədə uzunmüddətli sülh və əməkdaşlıq üçün real imkanlar açır. Dost dövlətlər bu gün də Azərbaycanın yanındadır və bu birlik gələcək çağırışlar qarşısında daha da möhkəmlənir.

Pərviz SADAYOĞLU

Seçilən
28
yeniazerbaycan.com

1Mənbələr