ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“2025-ci il ərzində xaricdə əldə edilmiş kvalifikasiyaların tanınması ilə bağlı müraciətlərin əhəmiyyətli hissəsi müsbət nəticələnib, lakin mövcud qaydalar çərçivəsində bir sıra imtinalar da verilib”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekunlarına dair keçirilən brifinqdə səsləndirib.
Sədr bildirib ki, 2025-ci il ərzində Agentliyə xaricdə əldə edilmiş kvalifikasiyaların tanınması ilə bağlı ümumilikdə 6033 müraciət daxil olub. Onun sözlərinə görə, bu müraciətlərdən 5167-si üzrə ekspertiza aparılıb, 866 müraciətin ekspertizası isə hazırda davam edir.
O qeyd edib ki, ekspertiza nəticəsində 4333 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. Eyni zamanda 834 müraciət üzrə mənfi rəy qəbul olunub. Mənfi rəylərin ümumi müraciət sayına nisbəti 16.1 faiz təşkil edib.
Tural Əhmədovun sözlərinə görə, imtinaların əsas səbəbləri sırasında tədris yükünün mənimsənilməsi üçün təhsil alınan ölkədə tələb olunan normativ müddətdən az qalma halları üstünlük təşkil edir.
“Bu səbəbdən 495 müraciətə imtina verilib. Digər səbəblər sırasında ixtisas və qeyri-ixtisas fənləri üzrə kredit fərqləri (122 imtina), həm normativ müddətin az olması, həm də əhəmiyyətli fərq halları (42 imtina), autentik olmayan diplomlar (30 imtina), “Açıköğretim” təhsil forması (29 imtina), akkreditasiyasız ali təhsil müəssisələri (27 imtina), ekvivalenti olmayan ixtisaslar (9 imtina), eləcə də bakalavr kvalifikasiyası tanınmadığı üçün magistr diplomuna imtina verilməsi (8 hal) yer alıb”.
Sədr diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən yalnız ənənəvi təlim metodlarına əsaslanan əyani və qiyabi formada əldə edilmiş kvalifikasiyalar tanınır. Onun sözlərinə görə, əyani təhsil üzrə hər tədris ilində minimum 4 ay, ümumilikdə isə azı 21 ay təhsil alınan ölkədə fiziki iştirak tələbi mövcuddur. Tibb və səhiyyə ixtisasları üzrə bu müddət daha uzundur.
Qiyabi təhsil alan şəxslər üçün isə hər tədris ili üzrə ən azı 25 gün təhsil alınan ölkədə fiziki iştirak şərti qoyulub.
Əhmədov xüsusi olaraq vurğulayıb ki, xarici ölkələrə getmədən onlayn formada əldə edilmiş kvalifikasiyalar TKTA tərəfindən tanınmır.
Zeynəb Rzayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.