AZ

Dünya üçün unikal nümunə

“Böyük Qayıdış” Proqramı uğurla icra edilir

Ölkəmizdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın əlamətdar günlərdə, bayramlar ərəfəsində 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərə səfər etmələri, burada yurd yerlərinə qayıdan sakinlərlə görüşəri, yeni açılış və təməlqoyma tədbirlərinə qatılmaları gözəl bir ənənəyə çevrilib. Dövlətimizin başçısı və birinci xanım  Prezident İlham Əliyevin növbəti ad günündə - dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.

Qalib Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirməklə dünyaya unikal bir nümunə təqdim edir. Prezident İlham Əliyev bəhs olunan görüşdəki çıxışında görülən işlərdən məmnunluğunu bildirərək  vurğulayıb ki, “Böyük Qayıdış” Proqramı uğurla icra edilir.

“Böyük Qayıdış” üzrə strateji çərçivə

İkinci Qarabağ müharibəsindən əvvəl dövlətimizi və xalqımızı qayğılandıran əsas məsələ işğal faktına son qoyulması və ölkənin ərazi bütövlüyünün təmin edilməsi idi. Rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində bu missiyanı yüksək səviyyədə həyata keçirdi.

Yeni reallıqlarla səciyyələnən postmüharibə dövründə hədəflərimiz dəyişib. İndiki mərhələdə 44 günlük müharibədə işğaldan azad edilən ərazilərə “Böyük Qayıdış”ın təmin edilməsi Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Böyük Qayıdış” üzrə strateji çərçivə müəyyənləşdirilib.

Eyni zamanda, Azərbaycan Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın 9 ay müddətində hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib.

Bütün ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri aparılır

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla davam etdirlir. Azad olunmuş ərazilərin bərpasına 2025-ci il də daxil olmaqla 22,5 milyard manat vəsait yönəldilib, 2026-cı ildə isə bu məqsədlə 3,5 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Azərbaycan Prezidenti Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev bir qədər bundan əvvəl onun sədrliyi ilə Zəngilan şəhərində Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclasda ötən dövrdə görülən işlər barədə müfəssəl məlumat verib. Onun sözlərinə görə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir.

Həyata keçirilən genişmiqyaslı layihələr regionun bütün inkişaf mənzərəsini köklü şəkildə dəyişib. Beş il ərzində dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib. Dövlətimizin başçısı bildirib ki, təkcə Ağdamda deyil, azad edilmiş bütün başqa ərazilərdə genişmiqyaslı quruculuq işləri gedir. “Böyük Qayıdış”ın inteqrasiyalı yanaşma ilə təmin olunması real nəticələr verir. Artıq “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”, 8 şəhərin Baş planı, 3 şəhərin isə Müfəssəl planı təsdiqlənib, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları işlənilmə mərhələsindədir. Qarabağda və Şərqi Zəngəzurda aidiyyəti dövlət qurumları və yerli şirkətlər tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib, 3 beynəlxalq hava limanı istifadəyə verilib, tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, 1-i isə qismən icra edilib. Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq başa çatıb. Dəmir yollarının tikintisi ilə bağlı 49 körpünün tikintisi planlaşdırılıb, onlardan 42 körpünün inşası başa çatıb, 3 körpü istismara verilib. Qarabağda və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik yarımstansiyası istismara buraxılıb, 6 magistral qaz xətti, 1000 kilometrdən artıq yüksək gərginlikli elektrik verilişi xətləri çəkilib, 8 şəhərə, 20 kəndə və 1 qəsəbəyə qazın verilməsi təmin olunub. Bölgədə 1 xəstəxana, 19 ümumi, 7 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bundan əlavə, Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayıb Bəhs olunan səfər çərçivəsində dövlətimizin başçısının iştirakı ilə Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışı baş tutub, həmçinin mühəndislik fakültəsinin binasının təməli qoyulub.

Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişində əsas rol oynayan Ağdam və Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları salınıb. Hər iki parkda 50 müəssisə rezident, 7 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Ümumi dəyəri 454 milyon manat olan layihələrin icrası çərçivəsində 185 milyon manat həcmində investisiya yatırılıb və 1057 yeni iş yeri yaradılıb. Parklarda fəaliyyətə başlamış rezidentlər tərəfindən 949,4 milyon manat məbləğində məhsul istehsal olunub. Ağdam Sənaye Parkı rezidentləri tərəfindən istehsal olunmuş məhsulların 39,5 milyon manatlıq hissəsi ixrac edilib. Görülən işlərin nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 62 mindən çox insan yaşayır və fəaliyyət göstərir.

Ağdamda həyat bərpa edilir

İşğal dövründə Ağdam sözün əsl mənasında urbisidə məruz qalıb. Yəni şəhər Ermənistan dövləti tərəfindən tamamilə dağıdılıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Müharibə başa çatandan sonrakı beş ildə  isə vəziyyət dəyişib. “Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir. Üç kənddə insanlar yaşayır. Mən bu kəndlərin yenidən istifadəyə verilməsi mərasimlərində iştirak etmişəm - Kəngərli, Sarıcalı, Xıdırlı. Orada indi bir neçə min insan yaşayır və bu köç prosesi davam edir”, - deyə Prezident İlham Əliyev məmnunluğunu bildirib.

Ağdam şəhərində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışına qatıldıqları 2-ci yaşayış kompleksində 11 məhəllə var. Burada 60 bina inşa edilib. Qeyd edək ki, dövlətimizin başçısı bu kompleksin təməlini 2023-cü ildə qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin fevralında kompleksdə görülən tikinti işlərinin gedişi ilə tanış olublar.

Ümummiyyətlə, işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Ağdamda da reallaşdırılan layihələrin sayı kifayət qədər çoxdur. Prezident İlham Əliyev səfər çərçivəsində Ağdam Sənaye Məhəlləsində yeni müəssisələrlə tanış olub. Ağdamda nəqliyyatla bağlı məsələlər uğurla həll olunur. Bərdə-Ağdam avtomobil yolu, Bərdə-Ağdam dəmir yolu ilk layihələr sırasındadır. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı baş tutub. Hazırda zamanında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş və müharibə illərində dağıdılmış Ağdam-Xankəndi dəmir yolunun inşası reallaşdırılmaqdadır. Ağdam Cümə məscidinin, Qiyaslı məscidinin, “İmarət” kompleksinin bərpası həyata keçirilib. Natəvanın ermənilər tərəfindən dağıdılmış heykəlinin eynisi ucaldılıb. Çox böyük məktəb binası, Muğam Mərkəzi, iki mehmanxana tikilib və digər çoxsaylı layihələr reallaşdırılıb.

Mübariz ABDULLAYEV

Seçilən
82
yeniazerbaycan.com

1Mənbələr