AZ

Tramp: ABŞ Nigeriyada İŞİD-ə qarşı güclü və ölümcül hücuma başlayıb

ABŞ Prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Nigeriyanın şimal-qərbində İŞİD terror təşkilatının üzvlərinə qarşı “güclü və ölümcül hücum” həyata keçirdiyini açıqlayıb.

Editor.az xəbər verir ki, bu barədə ABŞ prezidenti sosial şəbəkə hesabında paylaşım edib.

Donald Tramp bildirib ki, hücum onun Ali Baş Komandan kimi verdiyi göstəriş əsasında həyata keçirilib. O, paylaşımında aşağıdakı fikirləri səsləndirib:

“Bu gecə Ali Baş Komandan kimi verdiyim tapşırıqla Amerika Birləşmiş Ştatları Nigeriyanın şimal-qərbində, xüsusilə günahsız xristianlara qarşı illər, hətta əsrlər boyu görünməmiş vəhşiliklə qətllər törədən İŞİD terrorçularına qarşı güclü və ölümcül hücuma başladı. Mən daha əvvəl bu terrorçuları xəbərdar etmişdim ki, xristianların qətliamını dayandırmasalar, ağır nəticələrlə üzləşəcəklər və bu gecə də həmin xəbərdarlıq həyata keçdi. Müharibə Departamenti yalnız ABŞ-ın bacara biləcəyi səviyyədə bir sıra dəqiq zərbələr endirdi. Mənim rəhbərliyim altında ölkəmiz radikal islamçı terrorizmin inkişafına imkan verməyəcək. Tanrı ordumuzu qorusun”.

Tramp paylaşımında, həmçinin, İŞİD-in hücumlarını davam etdirəcəyi təqdirdə itkilərin artacağını da vurğulayıb.

ABŞ-ın müdafiə naziri Pit Heqset hücumdan sonra Vaşinqtonun atacağı növbəti addımlar barədə danışsa da, bu istiqamətdə konkret detalları açıqlamayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr