Tərəflər 2026-cı il üçün müstəsna iqtisadi zonalarda balıq ovunun həcmi və növləri ilə bağlı danışıqlarda nəticə əldə edə bilməyib...
Yaponiyanın kənd təsərrüfatı naziri Norikadzu Sudzuki cümə günü bildirib ki, Yaponiya ilə Rusiya arasında 2026-cı il üçün iki ölkənin 200 millik müstəsna iqtisadi zonalarında balıqçılıq kvotaları və ovlanacaq balıq növlərinin siyahısı üzrə razılaşma əldə olunmayıb.
Poliqon xəbər verir ki, bu barədə Kyodo Agentliyi məlumat yayıb. Qeyd olunur ki, Tokio və Moskva 1984-cü ildə müstəsna iqtisadi zonalarda birgə balıq ovuna dair saziş imzalayıb və həmin vaxtdan bəri hər il kvotalar, eləcə də digər promıs məsələləri üzrə ayrıca razılaşmalar əldə olunurdu.
Nazirin sözlərinə görə, hazırkı mərhələdə danışıqların perspektivləri qeyri-müəyyən olaraq qalır. Bununla belə, Yaponiya tərəfi milli maraqları qoruyan nəticəyə nail olmaq üçün səylərini davam etdirəcək. Sudzuki vurğulayıb ki, rəsmi Tokio üçün əsas prioritet yerli balıqçılıq sektorunun qorunması və şirkətlərin fəaliyyətinin davamlılığının təmin edilməsidir.
Kyodo Agentliyi yazır ki, razılaşmanın olmaması Sakit okean treskası ovlayan yapon balıqçılıq şirkətlərinə ciddi zərbə vura bilər. Bu növ balıq Yaponiya bazarı üçün strateji əhəmiyyət daşıyır və bir çox regionlarda balıqçılıq sənayesinin əsas gəlir mənbələrindən biridir. Kvotaların təsdiqlənməməsi gəmilərin fəaliyyətinin məhdudlaşmasına, xərclərin artmasına və ixrac imkanlarının azalmasına səbəb ola bilər.
Məlumata görə, dünən Yaponiyanın parlamentinin yuxarı palatasının deputatı Muneyo Sudzuki Moskvaya səfər edib. O, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi və Rosrıbolovstvo-nun rəsmiləri ilə danışıqlar aparmağı planlaşdırır. Görüşlər zamanı əsas mövzulardan biri rus tərəfini Kuril adaları ətrafında balıq ovuna icazə verməyə razı salmaq, həmçinin yapon vətəndaşlarının həmin ərazilərdə yerləşən məzarlıqları ziyarət etməsinə şərait yaratmaq olacaq.
Poliqon.info