AZ

Müəllimlərin imtahanı pullu olacaq – bəs xeyri?

Dosent deyir ki, müəllimlik peşəsi xüsusi imtiyazlara malik olmalı, xüsusilə ucqar bölgələrdə işləmək istəyənlər üçün əlavə maliyyə yükü yaradılmamalıdır

Müəllimlərin işə qəbulu (MİQ) imtahanının ödənişli olması ilə bağlı məsələ Milli Məclisin plenar iclasında müzakirə olunan “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak ödənişli olacaq. Bununla belə, ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailələrinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər bu ödənişdən azad ediləcək.

Müsabiqədə iştirak üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək. Layihədə qeyd olunur ki, “Ümumi təhsil haqqında” Qanuna əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na uyğun olaraq tənzimlənir. Həmin qaydalara əsasən, bu proses müsabiqə yolu ilə həyata keçirilir. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, bir müddət öncə elm və təhsil naziri Emin Əmrullayev də MİQ imtahanlarının ödənişli olması ilə bağlı mövqeyini açıqlamışdı. Nazir bildirmişdi ki, imtahanda ilk dəfə iştirak edənlər, şəhid ailələrinin üzvləri və digər xüsusi kateqoriyalara aid şəxslər üçün iştirak ödənişsiz olacaq. Onun sözlərinə görə, MİQ imtahanına təxminən 60 min nəfər müraciət edir, lakin yalnız 48 min nəfər imtahanda iştirak edir ki, bu da əlavə texniki xərclərə səbəb olur. Nazir vurğulayıb ki, məqsəd pul yığmaq deyil, namizədlərdə məsuliyyət hissi formalaşdırmaqdır və imtahan haqqı yüksək olmayacaq.

MİQ imtahanında ikinci və növbəti dəfə iştirakın ödənişli olması bu peşəyə marağın azalmasına səbəb ola bilərmi?

NOCOMMENT.az xəbər verir ki, dosent İlham Əhmədov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bu qərarı tənqid edib.

Onun fikrincə, müəllimlərin işə qəbulu imtahanlarının pullu olması düzgün yanaşma deyil. Dosent qeyd edib ki, müəllimlik peşəsi xüsusi statusa və imtiyazlara malik olmalı, xüsusilə ucqar bölgələrdə işləmək istəyən namizədlər üçün əlavə maliyyə yükü yaradılmamalıdır.

İlham Əhmədov bildirib ki, mövcud reallıqda universitet məzunları təhsili bitirdikdən dərhal sonra MİQ imtahanında uğur qazanacaq səviyyədə hazırlıqlı olmurlar. Bunun əsas səbəbi universitet proqramları ilə MİQ imtahanının proqramı arasında ciddi uyğunsuzluğun olmasıdır. Bu da məzunları repetitor və hazırlıq kurslarına üz tutmağa məcbur edir. O, bu vəziyyəti məktəb proqramı ilə qəbul imtahanları arasındakı fərqlərlə müqayisə edib və problemin sistemli xarakter daşıdığını vurğulayıb.
Dosentin sözlərinə görə, yüksək bal toplayan müəllim namizədləri belə vakant yerlərin azlığı səbəbindən işlə təmin olunmurlar. Bu il də 90-dan yuxarı bal toplayan, lakin işə qəbul olunmayan namizədlər olub. Bu isə o deməkdir ki, həmin şəxslər növbəti il yenidən imtahanda iştirak etmək və yenidən ödəniş etmək məcburiyyətində qalırlar.
İlham Əhmədov hesab edir ki, Elm və Təhsil Nazirliyi son illər təhsil sistemini faktiki olaraq özəlləşdirməyə doğru aparır. O qeyd edib ki, dövlət büdcəsindən təhsilə təxminən 5 milyard manat vəsait ayrıldığı halda, imtahanların ödənişli edilməsi sual doğurur. Dosent vurğulayıb ki, büdcə 1 milyard manatdan az olduğu dövrlərdə belə bu imtahanlar pulsuz keçirilirdi.

Onun sözlərinə görə, vaxtilə 4500 məktəbi saxlayan sistem indi yüzlərlə məktəbi bağlayır və bu prosesin davam edəcəyi bildirilir: “Nazirliyin öz məlumatlarına əsasən, ümumilikdə 1500-ə yaxın məktəbin bağlanması planlaşdırılır. Distant təhsilə keçidlə bağlı planlar isə hələlik real və effektiv mexanizmə çevrilməyib”.

Dosent əlavə edib ki, imtahanlardan toplanan vəsaitlərin hara xərclənəcəyi də ciddi suallar yaradır. Təhsilin İnkişaf Fondu vasitəsilə universitetlərdən toplanan milyonlarla manat vəsaitin təhsilin keyfiyyətinə deyil, idarəetmə xərclərinə yönəldildiyini xatırladan İlham Əhmədov, yeni ödənişlərin də eyni taleyi yaşayacağından narahat olduğunu bildirib. Onun fikrincə, bu vəsaitlər təhsilin inkişafına yox, təmir-tikinti işlərinə, mükafatlara və xarici səfərlərə xərclənə bilər.

Dosent hesab edir ki, təhsil büdcəsi ciddi şəkildə monitorinq olunmalıdır. “Necə olur ki, təhsil büdcəsi artır, amma təhsilin keyfiyyəti aşağı düşür?” – deyə sual verən İlham Əhmədov bildirib ki, Azərbaycan universitetlərinin diplomlarının bir çox ölkədə tanınmaması təhsil sistemindəki problemlərin göstəricisidir. Onun sözlərinə görə, Boloniya prosesi lazımi səviyyədə tətbiq olunmayıb və bu da ali təhsilin keyfiyyətinə mənfi təsir göstərib.

Sonda dosent vurğulayıb ki, imtahanların ödənişli olması müəllimlərin hüquqlarını məhdudlaşdırır və ictimai diqqəti əsas problemlərdən yayındırır. Onun fikrincə, işsiz bir şəxsin işə düzəlmək üçün pul ödəməsi məntiqsizdir və bu məsələ müəllimlərin maraqları nəzərə alınmaqla yenidən qiymətləndirilməlidir.

Seçilən
44
nocomment.az

1Mənbələr