AZ

Rusiya XİN NATO-nu Cənubi Qafqazda öz mövqelərini zorla qəbul etdirməyə cəhd etməkdə ittiham edib

Moskva alyansın regionda möhkəmlənmək niyyətinin təhlükəsizlik üçün dağıdıcı nəticələr doğuracağını bildirir...

Poliqon xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun yeni regionlarda, o cümlədən Cənubi Qafqazda möhkəmlənməyə çalışdığını və bunun Moskva ilə bağlı düşmənçi xəttin davamı olduğunu bəyan edib. Onun sözlərinə görə, alyans bölgədə öz baxışlarını və standartlarını digər ölkələrin təhlükəsizlik maraqlarına zidd şəkildə qəbul etdirməyə cəhd göstərir.

Brifinqdə çıxış edən Mariya Zaxarova qeyd edib ki, NATO-nun planları müdafiə xarakteri daşımır və açıq şəkildə aqressiv məzmunludur. O vurğulayıb ki, bu cür yanaşma regionlarda sabitliyə deyil, əksinə, gərginliyin artmasına xidmət edir və belə şəraitdə alyansın təsiri mahiyyət etibarilə yalnız destruktiv ola bilər.

Rusiya XİN nümayəndəsi NATO-nun Gürcüstandan geosiyasi məqsədlər üçün istifadə etməyə çalışdığını da iddia edib. Onun sözlərinə görə, məhz bu səbəbdən Moskva Cənubi Qafqazın “avroatlantik dairələrin” təsir zonasına çevrilməsinə, bölgədə NATO qüvvə və vasitələrinin yerləşdirilməsinə qəti şəkildə qarşı çıxır.

Zaxarova əlavə edib ki, Rusiya regionda təhlükəsizlik və əməkdaşlıq məsələlərinin yalnız yerli dövlətlərin maraqları və balanslaşdırılmış yanaşma əsasında həll edilməsinin tərəfdarıdır. Onun fikrincə, kənar hərbi-siyasi blokların fəallaşması Cənubi Qafqazda uzunmüddətli sabitliyə zərbə vurur.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr