AZAL-ın sərnişin təyyarəsinin zədələnməsi döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib, lakin onların mənşəyi müəyyən edilə bilməyib.
Bu, Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL şirkətinə məxsus Embraer 190 4K-AZ65 təyyarəsi qəzasını araşdıran komissiyanın aralıq hesabatında yer alıb.
Hesabatda, həmçinin təyyarənin 2 saylı hidravlik sistem borusunun zədələnməsinin sərt obyektlərlə təmas nəticəsində baş verə bilməsi və əmələ gələn dəliklərin metal ərintisindən hazırlanmış (polad əsasında) xarici obyektlər tərəfindən yarana biləcəyi ehtimal olunur.
Aviasiya hadisəsinin araşdırması çərçivəsində aşağıdakı tədqiqatlar aparılıb:
• Aşkar edilmiş xarici metal obyektlər (xarici cisimlər) üzrə kompleks (izotop, ballistik, partlayıcı və yanğın) ekspertiza aparılıb. Ekspertiza nəticəsində partlayıcı maddələrin izlərinə rast gəlinməyib. Üç oksigen balonunda aparılan araşdırmada partlayış izləri müəyyən edilməyib. Təyyarənin zədələnməsi ehtimalı döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib, lakin onların mənşəyi müəyyən edilə bilməyib.
• Hidravlik sistemin 2 nömrəli borusunun izotop ekspertizasını həyata keçirilib. Araşdırma nəticəsində boruda zədələnmələr olduğu müəyyən edilib. Zədələnmənin mexanizmi metalın sərt obyektlərlə təmas nəticəsində parçalanmasıdır. Dəliklər metal ərintisindən hazırlanmış (polad əsasında) xarici obyektlər tərəfindən yarana bilər.
• Avionika Modulyar blokundan çıxarılmış Mərkəzi Texniki Baxım Kompüterinin (Central Maintenance Computer) kaseti üzərində tədqiqat aparılıb. Termiki təsir nəticəsində kasetdən məlumatların çıxarılması mümkün olmayıb. Məlumatların çıxarılması üçün “Honeywell International Inc” şirkəti “Delkin Devices Inc” yaddaş kartı istehsalçısına müraciət etməyi tövsiyə edib. Hazırda Komissiya ABŞ nümayəndəsi ilə “Delkin Devices Inc” zavodunda tədqiqat aparılması barədə danışıqlar aparır.
• №1 və №3 Avionika Modulyar blokları çıxarılmış Qlobal Mövqe Sisteminin (GPS1 və GPS2) kasetləri tədqiq olunub. İş tamamlanıb, analiz aparılır.
Beləliklə, hazırda Araşdırma Komissiyası Mərkəzi Texniki Baxım Kompüterinin (Central Maintenance Computer) kaseti üzrə tədqiqatın tamamlanmasını və münaqişə zonaları üzərində və ya onların yaxınlığında uçuş risklərinin qiymətləndirilməsi işçi qrupu tərəfindən hesabatın hazırlanmasını gözləyir. Qeyd olunur ki, Araşdırma Komissiyası balanslı mövqe tutur və bütün nəticələr yalnız faktlara əsaslanaraq obyektiv şəkildə təqdim ediləcək. Aviasiya hadisəsinin araşdırmasının yekun hesabatı Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinin saytında dərc olunacaq.(APA)