Kənd Təsərrüfatı Nazirliyi, SOCAR və İtaliyanın “Eni S.P.A” şirkəti arasında imzalanan anlaşma memorandumunun icrası ilə bağlı işlər aparılır.
Nazirliyin məlumatına görə, memorandum ölkədə deqradasiyaya uğrayan torpaqlarda neft və onun törəmələrinə alternativ olacaq yağlı bitkilərin əkilməsi, növbəli əkin sistemində siderat bitkilərin tətbiqi ilə torpaq keyfiyyətinin yaxşılaşdırılması və istifadə edilən bitki yağları tullantılarının valorizasiyasının qiymətləndirilməsini əhatə edir. Bununla yanaşı, ENI şirkətinin qabaqcıl təcrübəsi əsasında ölkədə mövcud ənənəvi neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları da araşdırılacaq.
2025-ci il üzrə qeyd edilən istiqamətdə işlərin icrası məqsədi ilə hazırlanan fəaliyyət planına uyğun olaraq pilot layihənin icrasına başlanılıb. Ümumilikdə əldə edilən ilkin nəticələrə görə, seçilən bitki sortlarının toxumlarından alınan yağların kənd təsərrüfatının yeni istehsal sahəsi kimi bioyanacaq və ya mühərrik yağlarının istehsalında istifadəsi perspektivinin olduğu qənaətinə gəlinib.
Memorandum çərçivəsində pilot layihələrin icrası davam etdirilməkdədir.