Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Xankəndi, 25 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Qarabağ Universitetinin Mühəndislik fakültəsinin yeni binasının müasir standartlara uyğun inşa edilərək qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır. Tədris binası auditoriyalar, laboratoriyalar, kitabxana, elmi-tədqiqat və innovasiya məkanları ilə təchiz olunacaq.
Universitetin Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihənin icrası mühəndislik təhsilinin inkişafına mühüm töhfə verməklə yanaşı, müasir akademik məzmunun və innovativ tədris metodlarının tətbiqini təşviq edən, tələbələrin hərtərəfli inkişafını dəstəkləyən qabaqcıl ali təhsil mühitinin formalaşdırılmasına xidmət göstərəcək.
Dekan qeyd edib ki, Mühəndislik fakültəsi müasir texnoloji çağırışlara cavab verən, innovasiya və tətbiqyönümlü mühəndis kadrların hazırlanmasını hədəfləyən əsas akademik struktur bölmələrdən biridir. Fakültədə hazırda 19 professor - müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada, ümumilikdə, 314 tələbə təhsil alır.
Fakültədə bakalavriat səviyyəsində elektrik və elektronika, inşaat, mexatronika və robototexnika, logistika və nəqliyyat texnologiyaları, kompüter mühəndisliyi, data analitika və riyaziyyat daxil olmaqla, 7 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Gələcəkdə mühəndislik istiqaməti üzrə yeni ixtisasların açılması nəzərdə tutulur.
Xatırladaq ki, Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.